×
A
A
A
Sazlamalar

Xocalı faciəsi təcavüzkar erməni siyasətinin ən qanlı səhifələrindəndir

Bərdə, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə-yeksan edib, dinc əhaliyə amansızlıqla divan tutublar. Qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən Xocalı faciəsi təcavüzkar erməni siyasətinin ən qanlı səhifələrindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə Bərdədə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə səsləndirilib. Mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin “Xocalı uşaqların gözü ilə” adlı rəsm və Xocalı faciəsinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Sonra Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salıb, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, o müdhiş gecədə Xocalıdan Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni tikilmiş qəsəbələrdə mənzillərlə təmin olunublar. Hazırda Bərdə rayonunda 126 Xocalı ailəsi yaşayır.
Tədbirdə çıxış edən 6 yaşı olarkən həmin faciəvi gecədə erməni faşistləri tərəfindən əsir götürülmüş Firəngül Kərimova, Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakini, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Əlzamin Ramazanlının anası Adilə Ramazanova, Xocalı İcra Hakimiyyətinin Bərdə üzrə nümayəndəsi Ramiz Qəhrəmanov həmin gecə baş vermiş faciənin canlı şahidi olaraq gördüklərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir iştirakçılarından və Xocalı sakinlərindən bir qrupu Şəhidlər xiyabanını ziyarət edib, burada uyuyan Xocalı şəhidlərinin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ehtiramlarını bildiriblər.

Regionlar 2022-02-26 23:18:00