×
A
A
A
Sazlamalar

Ziyafət Əsgərov: Bir daha faciələr yaşamamaq üçün həmrəy olmalıyıq

Bakı, 26 fevral, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Xocalı faciəsi ürəyimizə vurulan süngüdür və bu yara heç zaman sağalmayacaq. İllər, əsrlər də keçsə də, bu faciə bizi həmişə göynədəcək. Vətən müharibəsində Qələbəmizlə Xocalı faciəsinin qisasını alsaq da, bu yara bizim qəlbimizdə həmişə qalacaq. Bir daha ağrı yaşamamaq üçün bu faciəni unutmamalıyıq. Biz həmrəy olmalıyıq. Ümummilli Liderin və Prezidentimizin dediyi kimi, Azərbaycan çox güclü olmalıdır. Ordumuz, iqtisadiyyatımız güclü olduğu kimi, insanlarımız da güclü olmalı və dövlətimizin başçısının ətrafında daha sıx birləşməlidirlər. Biz bu birliyi, bu gücü 44 günlük Vətən müharibəsində nümayiş etdirdik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.
Z.Əsgərov diqqətə çatdırıb ki, Xocalı faciəsini törədənlər və bu fitvanı verənlər - köçəryanlar, sarkisyanlar mütləq öz cəzalarını alacaqlar.
Azərbaycan dövlətinin əsas məqsədi Xocalı faciəsinin bütün dünya ölkələri tərəfindən soyqırımı aktı kimi tanınmasına nail olmaqdır. Gərək Xocalı faciəsinin səbəbkarları ədalət məhkəməsi qarşısında cavab versinlər ki, belə faciələr bir də təkrarlanmasın.
Artıq 9 ölkə Xocalı soyqırımını həm qanunverici, həm də icraedici hakimiyyət səviyyəsində, ABŞ-ın 20-dən çox ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Diaspor təşkilatları bu işdə fəallıq göstərirlər.
Milli Məclisin komitə sədri vurğulayıb ki, Ermənistan bu cinayət aktına görə Azərbaycandan rəsmi şəkildə üzr istəməli və illər ərzində ölkəmizə, onun insanlarına qarşı vurduğu ziyana görə kompensasiya ödəməlidir.

Xocalı faciəsi 2022-02-26 20:02:00