×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 30-cu ildönümü İranda silsilə tədbirlərlə anılıb

Tehran, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü İranda silsilə tədbirlərlə anılıb.
AZƏRTAC xəbər verir ki, Tehranda fəaliyyət göstərən beynəlxalq NİKO məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Sülh və sabitliyə doğru. Soyqırımları, münaqişə və müharibələrə son” mövzusunda rəsm müsabiqəsi və sərgi keçirilib. Müsabiqədə məktəbin şagirdləri və Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının övladları iştirak ediblər.
Müsabiqəyə təqdim olunan 40 yaxın rəsm əsəri əsasən 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının fəsadlarını və acı nəticələrini özündə ehtiva edib, günahsız insanlara, uşaqlara, qoca və qadınlara qarşı həyata keçirilmiş qəddarlıqlar uşaqlar tərəfindən pislənərək dünyaya sülh mesajını çatdırıb. Müsabiqəyə təqdim olunan əsərlər komissiya tərəfindən qiymətləndirilib və qaliblərin yaxın zamanda keçiriləcək rəsmi tədbirdə mükafatlandırılması nəzərdə tutulub.
Müsabiqəyə təqdim olunmuş rəsm əsərlərinin nümayişi üçün məktəbdə təşkil olunmuş sərgidə isə müsabiqənin iştirakçısı olan uşaqlara səfirliyin xatirə hədiyyələri və milli suvenirlər təqdim olunub. Sərgi ziyarətçilər və valideynlər tərəfindən maraqla qarşılanıb, uşaqlar arasında sülh və insani keyfiyyətlərin təşviqi yüksək qiymətləndirilib.
Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi, həmçinin Tehran və Qum şəhərlərində yerləşən məscidlərdə keçirilən mərasimlərdə də anılıb. Mərasimlərdə Xocalı faciəsi qurbanlarının xatirəsinə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub. Namazdan sonra nahar və şam yeməkləri zamanı açılan ehsan süfrəsində yerli sakinlər və səfirliyin əməkdaşları iştirak ediblər.
Xatırladaq ki, fevralın 23-də Azərbaycanın İrandakı səfirliyində bu ölkənin yerli mətbuat nümayəndələri üçün Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan mətbuat konfransı keçirilib və jurnalistlərin soyqırımla bağlı çoxsaylı sualları cavablandırılıb.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xocalı faciəsi 2022-02-26 20:05:00