×
A
A
A
Sazlamalar

“Böyük Qayıdış” gənclər təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

Bakı, 26 fevral, AZƏRTAC

“Böyük Qayıdış” gənclər təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində “Xocalı 30 – Tarixə qayıdış” mövzusunda tədbiri keçirilib. Həmçinin üzv gənclər “Ədalət marafonu” çərçivəsində sosial şəbəkələrdə keçirilən fəaliyyətlərə cəlb olunublar.
“Böyük Qayıdış” gənclər təşkilatının nümayəndələri, Vətən müharibəsi qaziləri, üzv və könüllülər soyqırımının otuzuncu ildönümü ilə bağlı anım yürüşündə iştirak edərək Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəsini ziyarət ediblər. Gənclər Xocalıda amansızcasına qətlə yetirilmiş günahsız insanların ruhlarını dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə təşkilatın idarə heyətinin üzvlərinin, dövlət rəsmilərinin, Vətən müharibəsi qazilərinin, faciə şahidlərinin, könüllü gənclər və media nümayəndələrinin iştirakı ilə ADA Universitetində “Xocalı 30 - Tarixə qayıdış” anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə 30 il əvvələ - tarixə qayıdış edilərək, 1992-ci il fevralın 26-da erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən Xocalı faciəsindən danışılıb.
Çıxış edən natiqlər bildiriblər ki, qanlı faciə Azərbaycan tarixinə qara hərflərlə yazılaraq, əbədi olaraq yaddaşlara həkk olunub. Xocalıda baş verən bu insanlığa qarşı cinayətə beynəlxalq ictimaiyyət tərəfindən hələ də tam obyektiv qiymət verilməməsi təəssüf hissi ilə qeyd olunub. Qürurla vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Vətən müharibəsində tarixi ədaləti bərpa etdi, müharibə dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi məhv edildi. Beləliklə, hərb meydanında Xocalı soyqırımının qisası alındı.
Tədbirin ikinci hissəsində ssenari müəllifi tədqiqatçı jurnalist Yan Piert olan, “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən ərsəyə gətirilən “Xocalı – bir millətin kədəri” sənədli filmi nümayiş olunub. Filmdə Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının faktlarla ifşası əks olunub.
Təşkilatın üzvləri və könüllüləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən “Ədalət marafonu”na qoşularaq sosial şəbəkələrdə aparılan təbliğatda aktiv iştirak ediblər. Gənclər bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həm yerli, həm də beynəlxalq mətbuatda işıqlandırılan tarixi faktları, foto və video kontentləri sosial şəbəkələrdə paylaşıblar.
Həyata keçirilən ardıcıl tədbirlər və kampaniyalar Xocalıda törədilən cinayətlərin cəzasız qalmamasına, bu hadisənin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.

Xocalı faciəsi 2022-02-26 20:04:00