×
A
A
A
Sazlamalar

Xocalı şəhidinin bacısı: İnanırıq ki, dövlətimizin gücü və qüdrəti sayəsində arzumuza çatacağıq

Bakı, 26 fevral, AZƏRTAC
Bacımın meyiti Xocalıda qaldı, qurd-quşa yem oldu. İki körpə övladı ilə ermənilərə əsir düşən bacım Nübar Novruzovanı digər xocalılılar kimi, işgəncə ilə öldürdülər. Beş övladı var idi. Üç qızı, iki oğlu körpə ikən yetim qaldı. Allah bu qəddarlığı götürərmi?
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocalı şəhidinin bacısı Minarə Novruzova söyləyib.
M.Novruzova bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bacısı iki körpə oğlu ilə birlikdə erməni cəlladlarının əlinə keçib. “Bacımı min bir əzabla qətlə yetirən insan cəlladları övladlarını girov götürdülər. Biz bacımın övladlarını on gündən sonra geri ala bildik. Oğlanlardan birinin ayağını şaxta vurmuşdu, indi də şikəstdir. Bacımın dərdi ailəmizin ürəyində bir yaradır və illər keçsə də, o yara sağalmayacaq”, - deyə o bildirib.
Xocalı sakini vurğulayıb ki, Azərbaycan Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Bu, onlara təsəllidir. Amma o vaxt sakitləşə bilərlər ki, soyuq qış günündə körpə, yaşlı demədən hamıya zülm edən cəlladlar, insan qatilləri öz layiqli cəzalarını alsınlar.
“İndi biz xocalıların bir arzusu var ki, öz evimizə qayıdaq. İnanırıq ki, dövlətimizin gücü və qüdrəti sayəsində bu arzumuza da çatacağıq”, - deyə M.Novruzova qeyd edib.

Xocalı faciəsi 2022-02-26 19:56:00