×
A
A
A
Sazlamalar

İordaniyada Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir təşkil olunub

Qahirə, 26 fevral, AZƏRTAC

Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İordaniyada Azərbaycan Məzunları Klubunun İdarə Heyətinin üzvlərinin, diaspor fəallarının, eləcə də bir sıra yerli ali təhsil müəssisələrinin professorları, səfirliyin əməkdaşları və ailə üzvlərinin qatıldıqları mərasim İordaniya və Azərbaycan Dövlət himnlərinin səsləndirilməsi və Xocalı qurbanlarının xatirəsinin bir dəqiqlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən səfir Eldar Səlimov Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın üzərində ətraflı dayanıb, erməni işğalçılarının əsl niyyətlərini iştirakçıların diqqətinə çatdırıb. Soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsinə toxunan Azərbaycan diplomatı bu barədə statistik məlumatları təqdim edib. O, həmçinin 2013-cü ildə İordaniya Senatının Xocalı soyqırımını pisləyən bəyanatına, o cümlədən bu yaxınlarda Nümayəndələr Palatasının Asiya və Okeaniya ölkələri ilə Dostluq assosiasiyası tərəfindən verilən bəyanata görə dost ölkəyə dərin minnətdarlığını ifadə edib.
Səfir, həmçinin 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından da ətraflı danışıb.
Tədbirdə çıxış edən diaspor fəalı Səbinə Namazova Xocalı soyqırımının İordaniya cəmiyyətində daha çox tanıdılması istiqamətində görülən işlər barəsində məlumat verib.
Sonra söz alan Azərbaycan Məzunları Klubunun İdarə Heyətinin üzvü, əl-Beyt Universitetinin professoru Əbdülkərim Cəradat Xocalıda törədilmiş vəhşiliyi və cinayətləri pisləyərək, bu soyqırımın ermənilərin dini fanatizmini, azərbaycanlılara qarşı irqi nifrətini tam çılpaqlıqla üzə çıxardığını vurğulayıb. O, Xocalı qurbanlarının şəhidlik zirvəsinə ucaldıqlarını bildirib.
Mərasimin sonunda kinorejissor Vaqif Mustafayevin “Dərdimi çəkirəm” adlı sənədli filmi nümayiş etdirilib və tematik rəsm sərgisinin iordaniyalı və azərbaycanlı azyaşlı iştirakçılarına təqdirnamə və mükafatlar təqdim olunub.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xocalı faciəsi 2022-02-26 19:20:00