×
A
A
A
Sazlamalar

Xocalılıların fəryadını özlərindən başqa heç kim eşitmirdi

Bakı, 26 fevral, AZƏRTAC

Ermənistan müxtəlif dövrlərdə müxtəlif üsullarla Azərbaycanın min hektarlarla ərazisinə yiyələnə bilib. Sərhədlərini Azərbaycan torpaqlarının hesabına genişləndirən Ermənistan SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun dövründə daha ciddi siyasi təxribatlara meyillənərək, sovet rejiminin fəaliyyətindən bəhrələnməyə çalışdı.
M.Qorbaçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış etməsi ilə 1988-ci ilin fevralında məlum “Dağlıq Qarabağ” hadisələri başlayır. Qarabağda yaşayan ermənilərin ərazi iddiası elan edilməyən müharibəyə səbəb oldu. Bu müharibənin ilk şəhidləri Əsgəranda Əli ilə Şəhriyar oldular. İki gəncimizin şəhidlik zirvəsinə ucalması xalqımızın torpaq uğrunda döyüşlərinin başlanğıcı oldu. Azərbaycanda milli azadlıq hərəkatını söndürməyi bacarmayan sovet hakimiyyəti Azərbayca-na qarşı Ermənistan amilindən istifadə etdi və beləliklə, Birinci Qarabağ müharibəsi başladı.
Ermənilər ayrı-ayrı vaxtlarda Azərbaycanın sərhədləri daxilində müxtəlif təxribatlar törədir, kəndləri artilleriya atəşinə tutur, hücumlar edir, evləri yandırır, camaatı vəhşicəsinə qətlə yetirir, əsir götürürdülər. O vaxt Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, respublikada hakimiyyət boşluğu var idi, qarşıdurmalar birliyə, monolitliyə imkan vermirdi. Bütün bunlar müharibə şəraitində düşmənin fəallaşmasına imkan yaradırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Səbinə Xasayevanın “Tarix unudulmur” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: “Birinci Qarabağ müharibəsində düşmən 1990-cı il martın 24-də Qazaxın Bağanıs Ağrım kəndində belə bir faciə törətdi. Bu faciədə 10 nəfər öldürüldü. 1991-ci il dekabrın 23-də Meşəli kəndində 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfər qətlə yetirildi. 1992-ci il fevralın 14-də baş verən Qaradağlı faciəsində 102 nəfərin həyatına vəhşicəsinə qəsd edildi, 108 nəfər əsir düşdü. Azərbaycanın üzləşdiyi bu faciələrə görə beynəlxalq təşkilatlar da, dünyanın iri dövlətləri də ciddi bəşəri münasibət bildirmədi. İşğalçı dövlət cəzasızlığı sonrakı hərbi fəaliyyətinə vasitə bildi. Havadarlarından həm siyasi, həm də hərbi dəstək alan işğalçı dövlət Azərbaycanın dövlət sərhədləri daxilində təxribatlar, qırğınlar törətməkdə davam edirdi. Dövlət müstəqilliyi təzəlikcə bərpa edilmiş Azərbaycanda dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar, əsassız qarşıdurmalar düşmənin işğalçılıq niyyətinə şərait yaradırdı. O vaxtlarda Xocalıya şəhər statusu verilmişdi. Şəhərdə əhalinin sayının xeyli artması düşmənin diqqətini çəkibmiş. Düşmən dislokasiya yeri Xankəndi olan 366-cı motoatıcı alayın bilavasitə iştirakından bəhrələnirdi. Bu alay müəyyən mənada Ermənistana xidmət edirdi.
Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın bilavasitə iştirakı, ağır texnikaların, artilleriyanın dəstəyi, çoxsaylı canlı qüvvə ilə Xocalı şəhərinə hücum etdi. Ərazi özünümüdafiə taborları, əhali bu miqyasda hücumun qarşısını ala bilməyəcəkdi. Əhali ev-eşiyindən çıxıb uzaqlaşana kimi döyüşdülər. Sonralar Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyev, Tofiq Hüseynovun və başqalarının rəşadətli döyüşü camaatın nisbətən uzaqlaşmasına, qırğının az olmasına şərait yaratdı. Xüsusi tapşırıq almış qüvvələr – erməni-lər də, 366-cı alayın hücumda iştirak edən hərbi qulluqçuları da şəhərdən uzaqlaşanları, ölümdən, əsirlikdən qaçanları təqib edir, onlara çatır, çatanda güllələyir, əsir götürürdü. Qışın soyuğunda, şaxtasında çöllərə düşən xocalılar min bir zülmlə Qarqar çayı istiqamətində, Ağdam istiqamətində canlarını götürüb qaçırdılar.
Həmin gecə ermənilər Xocalını odlamışdı, Xocalı özü boyda ocağa dönmüşdü. Şaxta-sazaq od söndürər, amma Xocalı od tutub yanırdı. Nalə çəkərək oddan-alovdan qaçan xocalılar onları qarşıda daha böyük fəlakətin gözlədiyini bilmirdilər. Xocalıların fəryadını, naləsini özlərindən başqa heç kim eşitmirdi...
Dünya müharibələr tarixində belə qəddarlıq, belə vəhşilik görünməmişdi. Bunu vəhşiliyin, qəddarlığın, faşizmin daşıyıcısı olan, dünyəviliyə, bəşəriliyə düşmən kəsilən ermənilik törədirdi. Bu vəhşilik tarixdə min illərlə nifrətlə xatırlanacaq.
Böyük şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra əsrin faciəsinin soyqırımı aktı olduğu beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. O vaxtdan etibarən Azərbaycan xalqı tarixindən ən dəhşətli hadisəsini - Xocalı soyqırımı gününü dərin kədərlə qeyd edir. Ulu Öndərin qeyd etdiyi kimi, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımını ən qanlı kütləvi terror hadisəsi adlandıran Ümummilli Lider beynəlxalq təşkilatların bu hadisəyə düzgün qiymət verilməsini istəyirdi.
Xocalı faciəsini erməni millətçilərinin xalqımıza qarşı apar-dığı mənfur siyasətinin növbəti qanlı səhifəsi adlandıran Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və soyqırımı aktı kimi tanınması istiqamətində mümkün zəruri addımları atır. 2008-ci ildə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan və dünyanın onlarla dövlətinin diqqətini çəkən “Xocalıya ədalət!” kampaniyası təkcə faciənin tanıdılması missiyası ilə məhdudlaşmır, bu kampaniya faktların zənginləşməsində, dəqiqləşməsində tarixi missiya yerinə yetirir.
Xalqımız Bağanıs Ayrım, Meşəli, Qaradağlı, Ağdaban, Xocalıda və ümumiyyətlə Qarabağ müharibəsində qətlə yetirilənlərin, şəhid olanların qisasının alınmasını istəyirdi. Biz, nəhayət, 2020-ci ilin payızında Vətən müharibəsində Zəfər qazandıq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə gücünü göstərdi və ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Zəfərimiz ağrı-acılarımıza təsəlli oldu. Sevindik ki, günahsız qətlə yetirilən insanlarımızın ruhu şaddır.
Xocalı faciəsindən 30 il keçir. Xocalı faciəsi başımıza gətirilən digər faciələr kimi heç vaxt unudulmayacaq, tariximizin qan yaddaşı kimi həmişə anılacaq. Anılacaq ki, yeniyetmələr, gənclər Vətəni daha böyük məhəbbətlə sevsinlər. Anılacaq ki, düşmən bu sevgidən çəkinsin və bir də Azərbaycanın dövlət sərhədlərinə yaxınlaşmağa cəsarət etməsin.

Siyasət 2022-02-26 18:54:00