×
A
A
A
Sazlamalar

“Riqanın səsi” xəbər portalında Xocalı soyqırımına həsr olunmuş məqalə dərc edilib

Riqa, 26 fevral, AZƏRTAC

Fevralın 24-də Latviyanın nüfuzlu “Riqanın səsi” (“ЭХО РИГИ”) xəbər portalında rus və latış dillərində “Xocalı faciəsinin 30-cu ili: Dünya unutmayıb” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Vladimir Reşetovun müəllifliyi ilə yayımlanan məqalədə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən Xocalıda, Azərbaycan xalqına qarşı törədilmiş amansız qanlı hadisələrdən bəhs olunur. Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilərək faciə ilə bağlı şahidlərin səsləndirdiyi fikirlərdən, həmçinin azərbaycanlılara qarşı etnik təmizləmədə iştirak etmiş Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş dəhşətli cinayətlərlə bağlı etiraflarından danışılır.
Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1994-cü il martın 1-də Xocalı faciəsi ilə bağlı xüsusi Fərman imzalanıb və Milli Məclis 26 fevral tarixini “Xocalı Soyqırımı Günü” elan edilib. Vurğulanır ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası dünya ictimaiyyətinin Xocalı faciəsi barədə məlumatlandırılmasında mühüm rol oynayır.
Müəllif məqalədə beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirildiyini, Xocalıda dinc əhalinin dəhşətli qətliamının Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini vurğulayır, əlləri günahsız azərbaycanlıların qanına bulaşmış Xocalı cəlladlarının layiqli cəzalarını alacaqları günün yaxın olduğunu qeyd edir.

Asiman Əsədov
AZƏRTAC—ın xüsusi müxbiri
Riqa

Xocalı faciəsi 2022-02-26 18:39:00