×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində məqsədyönlü addımlar atılır

Cəlilabad, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Xocalı soyqırımının ağır nəticələrindən danışaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
R.Cəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən işləri yüksək dəyərləndirərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti nəticəsində haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün məqsədyönlü fəaliyyət göstərildiyini söyləyib.
Sonra çıxış edən Xocalı sakini Zaur Ələkbərov və başqaları o dəhşətli gecədən danışıb, beynəlxalq təşkilatlardan bu faciəni törədənlərin ciddi cəzalandırılmasını tələb ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmi izlədikdən sonra Mərkəzin foyesində qanlı faciəni əks etdirən rəsm əsərlərinin sərgisi ilə tanış olublar.

Regionlar 2022-02-26 18:33:00