×
A
A
A
Sazlamalar

Xocalı faciəsi Azərbaycan xalqına qarşı mərhələlərlə aparılmış soyqırımı siyasətinin tərkib hissəsidir

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olmaqla yanaşı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Otuz il əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ən qədim yurd yerlərindən, mədəniyyət məskənlərindən biri olan Xocalı şəhəri yerlə-yeksan olundu. Xocalının 613 nəfər sakini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onların sırasında 63 uşaq, 106 qadın, 70 qoca var idi. Törədilən soyqırımı nəticəsində səkkiz ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfər şikəst oldu, onlardan 76 nəfəri azyaşlılardır. Bütün bunlar onu göstərir ki, Xocalıda bütün insan hüquqları pozulub. BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması” haqqında Konvensiyasının maddələrinə nəzər salsaq, Xocalıda törədilənlərin və bununla bağlı cəza tədbirlərinin həmin Konvensiyanın maddələri ilə uyğunlaşdığını görə bilərik. Xocalı faciəsi ümumiyyətlə insanlığa, bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Xocalı faciəsi ikiəsrlik bir zaman ərzində Azərbaycan xalqına qarşı mərhələlərlə aparılmış soyqırımı siyasətinin tərkib hissəsidir: “Xocalı ilə bərabər, Bağanis Ayrım, Başlıbel, Qaradağlı və digər yaşayış məntəqələrində uşaqlar, qadınlar, qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi insanlıq əleyhinə cinayətlərin bariz sübutudur. Bunların hamısı 1989-1993-cü illər ərzində Azərbaycanın 20 faiz torpağının işğalı zamanı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilib. Soyqırımından illər keçməsinə baxmayaraq, heç bir azərbaycanlı bu hadisələri yaddan çıxarmayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti 44 günlük Vətən müharibəsində əzmkarlıqla Zəfərə doğru getdikləri hər bir yolda şəhidlərin, Xocalıda qətlə yetirilmiş soydaşlarımızın qisasını aldılar. Hazırda azad olunmuş torpaqlarımızda bərpa, quruculuq işləri aparılmaqla həmin ərazilərin sakinlərinin öz yurd-yuvasına qayıdışının təmin edilməsi ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir. Düşünürəm ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində hər bir Xocalı sakini öz yurd-yuvasına dönəndə qətlə yetirilmiş Xocalı sakinlərinin ruhu rahatlıq tapacaq. Bu, həm də yaşayan Xocalı sakinlərinin yaralarına bir məlhəm olacaq”.
Azərbaycan dövləti tərəfindən Xocalı qətliamının tanıdılması üçün davamlı olaraq çox gərəkli tədbirlər həyata keçirildiyini bildirən S.Hüseynova beynəlxalq səviyyədə bütün təşkilatlar qarşısında bu məsələnin qaldırıldığını diqqətə çatdırıb: “Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası uğurla davam etdirilir. Bir çox ölkələrdə kampaniya çərçivəsində tədbirlərin təşkili real nəticələrin əldə olunmasını şərtləndirir. Ümumilikdə görülən işlərin nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 22 ştatı bu cinayəti qətliam kimi tanıyır. Azərbaycan həmişə sülh, əməkdaşlıq tərəfdarı olub və öz mövqeyi və fəaliyyəti ilə bunu dəfələrlə sübut edib. Lakin cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vandalizm aktıdır. Təəssüf ki, 30 il ərzində beynəlxalq ictimaiyyət tərəfindən bu faciəyə siyasi və hüquqi qiymət verilməyib. Həmin cinayəti törətmiş sarkisyanlar, köçəryanlar hələ də cəzalarını almayıblar. Cəzasızlıq mühitinin nəticəsi olaraq həmin şəxslər və onların təsiri altında olan revanşist çevrələr bu gün hər iki ölkə arasında da, regionda da sülhün bərqərar olunması istiqamətində görülən işlərə, o cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə də mane olmağa çalışırlar. Ona görə də mütləq və birmənalı olaraq Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə insanlığa qarşı törədilmiş bir tarixi cinayət olduğu üçün cinayətkarlar öz cəzasını almalıdırlar”.

Xocalı faciəsi 2022-02-26 18:09:00