×
A
A
A
Sazlamalar

Akademik Vaqif Abbasov: Vətən müharibəsində Azərbaycan Ordusu bütün şəhidlərimizin qisasını aldı

Bakı, 26 fevral, AZƏRTAC

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun baş direktoru akademik Vaqif Abbasov XX əsrin insanlıq əleyhinə yönəldilmiş ən dəhşətli cinayətlərindən olan Xocalı faciəsindən danışıb.
Akademik Vaqif Abbasov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa müddət ərzində bütün müdaxilələrin qarşısının alındığını, ölkənin gündən-günə inkişafına nail olunduğunu, həmçinin ordu quruculuğu sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Akademik 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bütün şəhidlərimizin qisasının aldığını söyləyib.
Professor Elmira Süleymanova həmin dövrdə ölkəmizin düşdüyü çətin hərbi-siyasi vəziyyətdən söz açıb.
Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günay Heydərlinin və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Kamran Bağırovun Xocalı soyqırımının şahidi və əsirlikdə olmuş Dürdanə Ağayevadan aldığı müsahibə iştirakçılara təqdim olunub. Müsahibədə səkkiz gün erməni əsirliyində ağlasığmaz işgəncələrə məruz qalan Dürdanə Ağayeva Xocalı sakini kimi şahidi olduğu erməni vəhşiliyi və vandalizmi, xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayətindən danışıb. O, Xocalı soyqırımı ilə bağlı yazdığı “Erməni zindanında 8 gün” kitabından faktları misal gətirərək, yüz illər ötsə də, mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımının nəticələrinin unudulmayacağını qeyd edib.

Elm və təhsil 2022-02-26 18:01:00