×
A
A
A
Sazlamalar

ADPU-nun Şamaxı filialında “Xocalı - bir millətin kədəri” adlı tədbir keçirilib

Şamaxı, 26 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən “Xocalı - bir millətin kədəri” adlı tədbir keçirilib. Akt zalında təşkil olunan tədbirdə filialın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri filialın direktoru, dosent Tünzalə Yusifova açıb, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Direktor 30 ildir xalqımızın sağalmaz yarası olan bu faciənin tarixindən bəhs edib. Söyləyib ki, 2020-ci il sentyabrın 27-də başlanan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan tarixi Qələbə həm də Xocalı faciəsi qurbanlarının ruhlarına rahatlıq verib.
Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov çıxışında Xocalı faciəsi ilə bağlı konkret faktları diqqətə çatdırıb, tarixən erməni millətçilərinin Azərbaycan xalqına qarşı qərəzli münasibətindən danışıb. O, ermənilərin xalqımıza qarşı törətdiyi misli görünməmiş işgəncələrdən və əliyalın azərbaycanlıların soyuq qış günü çəkdiyi əziyyətlərdən söz açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Xocalıya basqın edib. Aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 nəfər vəhşicəsinə öldürülüb.
Tədbir tələbələrin çıxışları ilə davam edib. Filialın tələbəsi Gülnar Cəbiyeva “Xocalı soyqırımı gənclərin gözü ilə” mövzusunda danışaraq vurğulayıb ki, tələbələr Xocalı soyqırımı ilə bağlı məsələlərdə həmişə aktiv olub, sosial şəbəkələrdə keçirilən Xocalıya dəstək kampaniyalarında hər zaman yaxından iştirak ediblər.
Tələbələr Fidan Abbasova, Toğrul Mənəfov “Xocalım” şeir kompozisiyasını səsləndiriblər.
Sonda “Xocalı - bir millətin kədəri” adlı sənədli film nümayiş etdirilib.

Regionlar 2022-02-26 18:02:00