×
A
A
A
Sazlamalar

Region gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Bakı, 26 fevral, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçiriblər.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlər gənclərin rayon ərazisindəki Xocalı abidələri və Şəhidlər xiyabanlarını ziyarət etmələri ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyaraq, onların əziz xatirəsini yad ediblər.
Sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilərin və faciə şahidlərinin iştirak etdikləri görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, bu kimi dəhşətli hadisələrin bir daha yaşanmaması üçün gənclərin üzərinə xüsusi vəzifənin düşdüyü ifadə olunub.
Gənclər arasında Xocalı faciəsini əks etdirən rəsm, inşa və bədii qiraət müsabiqəsi, sərgi təşkil olunub, “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”, “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar” filmlərinin nümayişi keçirilib. Həmçinin Xocalı soyqırımı haqqında məlumatlandırıcı videoçarxın təqdimatı, fləşmoblar, teatr tamaşasının nümayişi baş tutub, gənclər şəkil və həştəqlərin əks olunduğu plakatlar nümayiş etdiriblər.
Tədbirlər bəzi regionlarda Xocalı abidəsi qarşısında faciə qurbanlarının xatirəsinə havaya şarların uçurulması ilə başa çatıb.
Bu tədbirlər çərçivəsində gənclərə ermənilərin əsrlər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçı, etnik təmizləmə siyasəti, qanlı cinayətlər və vəhşiliklər barədə məlumat verilib, Xocalı qətliamının miqyasına və amansızlığına görə müasir tarixin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmasına dünya ictimaiyyətinin lazımi reaksiya verməməsinin utancverici olduğu bildirilib.
Region gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sosial media kampaniyasında da aktiv iştirakları ilə beynəlxalq ictimaiyyətin soyqırımı barədə məlumatlandırılması işinə töhfə veriblər.

Xocalı faciəsi 2022-02-26 17:47:00