×
A
A
A
Sazlamalar

İtaliya Senatının plenar iclasında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib VİDEO

Roma, 26 fevral, AZƏRTAC

İtaliya Senatının plenar iclasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasından olan senator Maria Rizzotti həmin assosiasiyanın üzvlərinin adından Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat səsləndirib.
AZƏRTAC xəbər verir ki, senator bəyanatında İtaliyanı Xocalı faktlarını soyqırımı kimi tanımağa çağırıb.
M.Rizzotti bu fikirləri söyləyib: “Bu gün Azərbaycan xalqı üçün böyük bir ağrının ildönümüdür: Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki azərbaycanlılara qarşı törədilmiş çox ağır Xocalı qətliamının 30-cu ildönümünü anırıq.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verənlər müasir tarixin ən dəhşətli səhifələrindən birini, Ermənistanla Azərbaycan arasında onilliklərlə davam edən münaqişə ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş böyük cinayəti və Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsini təcəssüm edir.
63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib. 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır. Çoxsaylı ailələr bütövlükdə məhv edilib, çoxsaylı körpələr hər iki valideynini itirib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.
Xüsusilə qeyd etmək istərdim ki, bu dəhşətli qətliamı törədənlər hələ də cəzasız qalırlar. Dünya səviyyəsində yaşadığımız belə dramatik bir məqamda, beynəlxalq ictimaiyyətin bu qırğına görə məsuliyyətin tanınmasında israr etməsi və Ermənistanın törətdiyi əməllərə görə üzr istəyərək nifrət zəncirini qırması, bununla da ölkələr arasında real barışığa və regionun normallaşmasına şərait yaratması çox vacibdir.
Digər Avropa ölkələrində olduğu kimi, artıq İtaliyanın da Xocalı faktlarını əslində olduğu kimi, yəni, tək günahı etnik mənşəyi olan dinc əhaliyə qarşı soyqırımı kimi tanıması vacibdir”.
Senatorun bəyanatı İtaliya Senatının televiziyası ilə canlı yayımlanıb.

 

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2022-02-26 17:48:00

Video