×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı – Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətlərinin ən qanlı səhifəsi

Bakı, 26 fevral, AZƏRTAC
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Xocalı soyqırımı – Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətlərinin ən qanlı səhifəsi” sərlövhəli məqaləsini təqdim edir.

XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı

əsassız ərazi iddiaları və hərbi təcavüzü

Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdır. Hələ ermənilərin ərazi iddiaları başlamazdan əvvəl Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.
1985-ci ilin martında M.S.Qorbaçovun Sov. İKP MK Baş katibi seçilməsindən sonra Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. XX əsrin 80-ci illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyev vəzifəsindən azad edildikdən bir neçə gün sonra Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “Interkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18-də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
Eyni zamanda, 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi “böyük Ermənistan” xəritəsi kiçik formatda DQMV-də geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin (Aralıq, Xəzər və Qara dəniz) sahillərini əhatə edirdi. Elə həmin il dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin nümayəndələri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etdilər. Bununla yanaşı, noyabrın sonunda və dekabr ayında Ermənistan SSR-in Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edilərək onların Azərbaycana deportasiyasına başlanıldı.
Bununla yanaşı, oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi keçirildi ki, bu dövrdən başlayaraq ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında əsassız ərazi iddiaları üçün ilk addım oldu. Eləcə də onlar İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə nümayişlər keçirərək tələblərini irəli sürdülər. Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.
Həmçinin 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda məskunlaşdılar.
1988-ci il fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər.
1988-ci il fevralın 20-də keçmiş DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdilər. 1988-ci il fevralın 22-də DQMV Xalq Deputatları Sovetinin Azərbaycandan ayrılma barədə qərarından 2 gün sonra dinc azərbaycanlılara Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu. Ermənilərin uydurduğu kimi yox, məhz ilk qanı ermənilər tökdülər.
Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. 1988-ci ilin sonunda ermənilər Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlılardan təmizləmə aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 300 minədək azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 217 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir. Bununla yanaşı, bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.
Nəticədə 1988-1991-ci illərdə Ermənistan Azərbaycan ərazilərinin işğalını daha da genişləndirdi. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Ümumilikdə, qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən 514 nəfər azərbaycanlı qətlə yetirilmiş, 1318 nəfər yaralanmışdır.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu, əhalisi etnik təmizləmə və soyqırımına məruz qaldı. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. XX əsrin sonunda qəddarlığı ilə seçilən Qaradağlı soyqırımı artıq Xocalıya gedən yolun başlanğıcı idi.

Xocalının tarixi, strateji əhəmiyyəti və ermənilərin

soyqırımı cinayətlərinin səbəbləri

Qədim Xocalı ərazisi e.ə. XIV-VII əsrlərə (son tunc - ilk dəmir dövrü) aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri ilə tanınmışdır. Xocalı şəhəri XVI - XVII əsrlərdə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində olmuşdur. Xocalı yaxınlığındakı Əsgəran qalası Qarabağ xanlığının banisi Pənahəli xanın dövründə inşa edilmişdir (1749-cu il). Xocalı rayonu şimalda və şimal-şərqdə Ağdam rayonu, şimal-qərbdə Kəlbəcər və qərbdə Laçın rayonları, cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir.
Qeyd etmək lazımdır ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.
Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.
Otuz il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilmiş bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 155 nəfərin taleyi indiyə kimi naməlumdur.
Xocalı soyqırımı ilə bağlı yaradılmış istintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın keçmiş müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.
Bununla yanaşı, 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.

Xocalı soyqırımını təsdiq edən sənədlər və

xarici mətbuatın əsaslı faktları

Sovet dövründə Dağlıq Qarabağda yerləşdirilmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuş Vladimir Savelyevin məxfi arayışı xüsusi maraq kəsb edir. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə “Məxfi arayış”ını təqdim edib. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərmişdir.
Arayışda bildirilir ki, ASALA 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış ASALA erməni terrorçu təşkilatının bir qrup üzvü – 26 nəfərlik dəstə, mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə təşrif gətirmişdi. Onlar başlı-başına buraxılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bilmişdilər. Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etmişdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri, general-mayor Boris Budeykin polkovnik Zarviqarovu buna görə ittiham da edib. Dördüncü ordu komandanlığı qarşısında onun “zabit şərəfinə xəyanəti” üstündə azad olunmasını, qovulmasını tələb edib. Lakin bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi.
Polkovnik V.Savelyev tarixi arayışında daha sonra yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Arayışda qeyd edilir ki, Polkovnik Zarviqarov və başqa vəzifəli şəxslər isə ermənilərə cavab atəşini açan döyüş nöqtələrinin susdurulması barədə ordu və dairə komandanlığının rəsmi icazəsi ilə 366-cı alayın Xocalı istiqamətində gedən əməliyyatlarında ermənilərlə birləşdi. Nəticədə, bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələnmişdi. Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri Seyran Ohanyan və digər zabitlər Xankəndinin atəşə tutulmasında, 58 dinc azərbaycanlının öldürülməsində iştirak etmişdilər.
Polkovnik V.Savelyev xatırladır: “Ermənilər ruslara məxsus “02-19–MM” nömrəli “KamAZ”la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.
Dəhşət ondadır ki, ermənilər törətdikləri beynəlxalq cinayətləri azərbaycanlıların üstünə atmaqdan da yan keçmirdilər. Bu, yəqin ki, gələcəyə hesablanmışdı. Polkovnik V.Savelyev diqqətə çatdırır ki, Xocalı faciəsini “işıqlandırmaq” (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalist gəlmişdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: guya “Azərbaycanlılar günahsız erməniləri qırırlar”. (?)
Beləliklə, fevral ayının 25-dən 26-na keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev “Məxfi arayış”ında bu barədə qeyd etmişdir: “Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. “Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir”.
Bununla yanaşı, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında da 366-cı alaydakı hərbi texnika və silahların ermənilərə verilməsi və bu alayın tərkibində ermənilərin olması haqqında faktlar vardır: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.
Polkovnik V.Savelyev bildirir ki, Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da elə İvan Moiseyevin batalyonu olub: “Bu batalyon ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb. Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, 1200 cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı”.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valeurs actuelles” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.
Polkovnik V.Savelyev tarixi arayışındakı faktlar da oxşar fikirləri təsdiq edir. O, daha sonra yazır: Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan, mayor Q.Nabokix və kapitan İ.Lixodey hərbi əməliyyatlarda bilavasitə vuruşublar. Zabit İ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik “Babayevlər ailəsini güllədən keçirib”. Ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min ABŞ dolları mükafat və ən böyük “Kilsə mükafatı” verilib. A.Çitçiyan 1994-cü il sentyabr ayının 2-də Fransaya mühacirət edib və orada yaşayır.
Bundan əlavə, Fransanın “Le Monde” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.
Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya genişmiqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.
Bütün bunlarla yanaşı, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer alıb. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapıb: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”.
Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında, hətta dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür”. “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.

Ermənistanın Xocalıda dinc azərbaycanlılara

qarşı beynəlxalq cinayətləri

Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.
Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.
Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməlidir. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır.
Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir. Qeyd etmək lazımdır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.
Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Qeyd etmək lazımdır ki, 30 ildən artıq davam edən və bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən keçən 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərdən çox, o cümlədən 100-dən artıq qadın və 30-dan çox uşaq yaralanıb.
Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Nizamnamə nəinki təcavüzü, həm də dövlətlərarası münasibətlərdə qüvvə və ya hədə tətbiq etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi), dövlətlər arasında baş verə biləcək hər cür mübahisələri ancaq dinc vasitələrlə həll etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).
Təcavüz aktının baş verməsi ilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapıb. 1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. Səkkiz maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.
Bu baxımdan, Ermənistan tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə, əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Xocalı soyqırımının dünyaya çatdırılması və beynəlxalq aləmdə

soyqırımı aktı kimi daha geniş tanınması

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Bununla yanaşı, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, ABŞ-ın 25-dən çox ştatının, 15-dən çox ölkənin qanunverici orqanı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən sənədlərdə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmış və bu proses davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 28-də imzaladığı Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncamda diqqətə çatdırılır ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Sənəddə vurğulanır ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Sərəncamda bildirilir ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Azərbaycan Prezidentinin tarixi Qələbəni

şərtləndirən qətiyyətli mövqeyi

Qeyd etmək vacibdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
Rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını 44 gün ərzində darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı.
Azərbaycan Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Azərbaycan Prezidenti bildirmişdir ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.
Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Xocalı faciəsi 2022-02-26 17:42:00