Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimlərdə Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş ağır cinayət kimi xarakterizə olunub, bu qanlı hadisənin bəşəriyyət tarixinin ən faciəli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Nəticədə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 nəfər məhz azərbaycanlı olduğuna görə amansızcasına qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.
Xocalı faciəsinə hüquqi-siyasi qiymət ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə verilib. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində Xocalı soyqırımı dünyanın bir çox dövlətləri tərəfindən tanınır.
Bildirilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun böyük xidmətləri var. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir.
Tədbirlərdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığımız böyük Zəfərdən danışılıb, torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu vurğulanıb.
Toplantılarda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı videoçarx nümayiş olunub.
Parisdə Xocalı soyqırımına dair sənədli filmin və kitabın təqdimatı olub
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub