×
A
A
A
Sazlamalar

Duzdan çox istifadə edilməsi orqanizmdə şişkinlik yaradır

Bakı, 26 fevral, AZƏRTAC

Gündəlik həyatda əsasən mətbəxdə yemək bişirərkən duzdan çox istifadə edilir. Duz tərkibində ən çox natrium olan qida növüdür, eyni zamanda kalsium, kalium, sink və mis elementləri ilə də zəngindir. Xörək bişirərkən ona dad qatmaq üçün mütləq duzdan istifadə edilir. Lakin ondan çox istifadə edilməsi də düzgün sayılmır.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Esmira Qurbanova deyib: “Duzdan çox istifadə edilməsi orqanizmdə şişkinlik yaradır və insan özünü çox narahat hiss edir. Kökəlməyə səbəb olmasa da, arıqlamağa mane olur. Bədəndə su saxlayır, toksinlərin xaric olmasına imkan vermir. Xüsusilə böyrək xəstələri minimal miqdarda duz qəbul etməlidirlər”.
Duzun gündəlik istifadəsi 10-15 qram aralığında olmalıdır. Normadan artıq qəbul edilməsi sağlamlıq üçün zərərlidir. Bədəndə yığılan duz kristalları sidik kisəsi və böyrəklərdə çöküntü yaradır, müəyyən müddətdən sonra isə daşa çevrilir.
Duz gündəlik qəbul edilən qidaların tərkibində də var. Lakin onların zərəri elə də çox deyil, hətta normaya uyğun istifadə etdikdə faydasını da görmək olar. Belə ki, duz orqanizmdəki zərərli bakteriyaları azaldır. İmmunitet sistemini gücləndirir. “Orqanizmin duza ehtiyacı var və onun qəbulu vacibdir. Lakin onu müəyyən miqdarında qəbul etmək lazımdır. Ondan elə istifadə etməyə çalışmaq lazımdır ki, yeməklər dadlı, orqanizm isə sağlam olsun”, - deyə diyetoloq bildirib.

Sağlamlıq klubu 2022-02-26 17:36:00