×
A
A
A
Sazlamalar

Xocalı faciəsi XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətidir

Bakı, 26 fevral, AZƏRTAC

AMEA-nın Mikrobiologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayət və terror aktlarından biri olduğunu bildirib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.
Pənah Muradov faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini vurğulayıb. Faciədən 30 il ötməsinə baxmayaraq bu soyqırımının millətimizin yaddaşında sağalmayan yara olduğunu deyən alim 44 günlük Vətən müharibəsində qazandığıız şanlı Qələbə ilə Xocalı qurbanlarının qisasının alındığını söyləyib.
“Hər kəs Xocalıda baş verənlər barədə öz nəvə-nəticələrinə danışmalı, bu cinayəti unudulmağa qoymamalı və həqiqətləri gələcək nəsillərə çatdırmalıdır”, - deyə P.Muradov qeyd edib.

Xocalı faciəsi 2022-02-26 17:08:00