×
A
A
A
Sazlamalar

Cahit Bağçı: İnsanlıq əleyhinə törədilən Xocalı qətliamının acısı hələ də bizi ağrıdır VİDEO

Bakı, 26 fevral, AZƏRTAC
Bundan 30 il əvvəl fevralın 26-da insanlıq və bəşəriyyət əleyhinə törədilən cinayətin, qətliamın acısı hələ də bizi göynədir. Çünki yaramız istidir.
Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün azərbaycanlı qardaşlarımızın kədərini paylaşmaq üçün Xocalı abidəsini ziyarətə gəlmişik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı söyləyib.
Səfir bildirib ki, erməni faşistləri tərəfindən fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakini qətlə yetirilib, insanlar dözülməz işgəncələrə məruz qalıblar. Ümumiyyətlə, Qarabağda minlərlə insan işgəncə ilə öldürülüb. Qarabağ sakinləri məcbur qalaraq öz yurd-yuvalarını tərk ediblər. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibətindən hələ də xəbər yoxdur.
Cahit Bağçı təəssüflə vurğulayıb ki, dünya birliyi bu cür qətliamları törədənlərə qarşı hələ heç bir tədbir görmür. Bu qətliama beynəlxalq hüququn normaları çərçivəsində hələ də lazımi qiyməti verilməyib. Bundan təəssüfləndiyini bildirən səfir diqqətə çatdırıb ki, Azərbaycan Vətən müharibəsində Zəfəri ilə öz ərazi bütövlüyünü bərpa edib və BMT-nin qətnamələrini özü yerinə yetirib.
“Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Azərbaycanın haqq işi uğrunda mübarizəsində də qardaşını dəstəkləyib, hazırda da dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Bu gün Azərbaycan-Türkiyə əlaqələri yüksək səviyyədədir. Biz müttəfiq olaraq daha güclüyük. Biz bir millət, iki dövlətik, tək ürəyik.
Biz heç vaxt Xocalı faciəsinin qurbanlarını, şəhidlərimizi unutmamalıyıq. Qarabağ müharibəsində, Xocalı faciəsində həyatını itirən bütün şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Məkanları cənnət olsun”, - deyə Türkiyə səfiri bildirib.

Xocalı faciəsi 2022-02-26 16:57:00

Video