×
A
A
A
Sazlamalar

Sükut dəqiqəsi

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirilib.
Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər. COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, piketlər, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində, Xudavəng və Ağoğlan məbədlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 150-nin taleyi hələ də məlum deyil.

Xocalı faciəsi 2022-02-26 17:00:00