×
A
A
A
Sazlamalar

Xocalı faciəsi ilə bağlı “Ədalətsizliyin 30 ili” adlı anım tədbiri keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində fevralın 26-da Bakı Konqres Mərkəzində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli tələbələr, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, Xocalı soyqırımı şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən mindən çox gənc də onlayn şəkildə tədbirə qoşulub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları dünyaşöhrətli fotojurnalist Reza Deqatinin Xocalı soyqırımından dərhal sonra lentə aldığı, faciənin dəhşətlərini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
R.Deqati iştirakçılara fotolar barədə məlumat verib, gənclərin suallarını cavablandırıb. Həmçinin digər yerli və xarici fotoqrafların çəkdikləri, Xocalı soyqırımını əks etdirən fotolar da nümayiş olunub.
“Xocalıya ədalət!” kampaniyasının xüsusi stendində kampaniya çərçivəsində soyqırımı ilə bağlı nəşr edilən çoxsaylı kitab, buklet və broşürlər, maarifləndirici təbliğat materialları, həmçinin kampaniyanın loqosu və şüarları əks olunan təbliğat materialları nümayiş etdirilib.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Xocalı soyqırımı haqqında həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin zəruri addımlar atdığını qeyd edib.
F.Cəfərov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb. Qısa müddətdə Xocalı qətliamının bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi qəbul edildiyini vurğulayan icraçı direktor bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. O, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin xüsusi rolunu qeyd edib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.
Yusuf Məmmədəliyev qeyd edib ki, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, 1994-cü ildən etibarən 26 fevral Xocalı Soyqırımı Günü kimi yad olunur.
“2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı tarixi Qələbə nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulsa da, ədalətin bərpası uğrunda mübarizə bitməyib. Xüsusilə informasiya məkanında erməni yalanlarının ifşa edilməsi, xalqımıza qarşı törədilən ağır beynəlxalq cinayətlər barədə dünya ictimaiyyətinin maarifləndirilməsi aktuallığını saxlayır. Bu xüsusda, gənclərin üzərinə düşən minimum vəzifə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təqdim etdiyi materiallardan istifadə etməklə, soyqırımı həqiqətlərini dünyaya çatdırmaqdır”, - deyə Yusuf Məmmədəliyev vurğulayıb.
Türkiyə Gənclər Fondunun direktoru Enes Eminoğlu bildirib ki, Türkiyə Gənclik Fondu keçən il də Xocalı soyqırımının ildönümündə Azərbaycan Gənclər Fondu ilə birlikdə İstanbulda Türkiyə gənclərini məlumatlandırıb. O, qardaş ölkə gənclərinin bu il Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycanda olmaq istədiklərini vurğulayıb: “Erməni terroru insanlığa qarşı yönələn cinayətlər törədir. Biz bu terroru Türkiyədəki gənclərimizə çatdırmaq üçün çalışırıq. Bunlar haqqında çox proqramlar təşkil edirik. Bu terroru daha güclü şəkildə gənclərimizə çatdıracağıq. Biz bir millət, iki dövlətik”.
Sonra Xocalı faciəsini obyektivin yaddaşına köçürərək tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqatinin yaratdığı “khojalywitness.org” adlı yeni saytın təqdimatı keçirilib. Dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.
Daha sonra peşəkar aktyorlar tərəfindən Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı əks etdirən tamaşa nümayiş olunub.
Tədbirin yekununda yerli və xarici tələbələrin iştirakı ilə “Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi” mövzusunda panel müzakirələri aparılıb. Müzakirələrdə iştirak edən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva, Daxili İşlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Elnur Aslanov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev, ADA Universitetinin siyasi elmlər və iqtisadi nəzəriyyə üzrə professoru Kavus Abuşov Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi mövzusunda çıxışlar edib, gənclərin suallarını cavablandırıblar.

Xocalı faciəsi 2022-02-26 16:51:00