×
A
A
A
Sazlamalar

Misirli politoloq: Xocalı qırğını vəhşi bir terror aktı və insanlığa qarşı ağır cinayətdir

Qahirə, 26 fevral, AZƏRTAC

Ermənilərin 30 il əvvəl Azərbaycanın Xocalı şəhərində törətdikləri qırğın vəhşi bir terror aktı və insanlığa qarşı ağır cinayətdir. Heç bir ölkə, hər hansı bir siyasətçi bu terrorçulara bəraət qazandıra bilməz. Əksinə, beynəlxalq ictimaiyyət həmin terrorçuların Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması üçün birgə səylər göstərməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Misirin Hirar Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Tələt Məhəmməd söyləyib. O əlavə edib: “Günahsız və dinc insanlara qarşı hücumu pisləyirik, çünki onların öldürülməsi bütün monoteist dinlərdə haramdır, insanlıq prinsipləri və insanın yaşamaq hüququ ilə bir araya sığmır. Biz dost Azərbaycan xalqı ilə birlikdə Xocalı qurbanlarını anırıq və istəyirik ki, dünyanın istənilən yerində bu cür qırğınların təkrar olunmasının qarşısı alınsın”.
T.Məhəmməd qeyd edib ki, Xocalı soyqırımı etnik təmizləmə siyasəti aparan və müharibənin gedişində ağır cinayətlər törədən Ermənistanın dünya tarixinə qara hərflərlə yazılmış ən ağır cinayətidir. “Təəssüf ki, Ermənistanın təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə, o cümlədən İslam aləminə qarşı törətdiyi cinayətlər bununla məhdudlaşmır. Bu barbarlıq, həmçinin məscidlərin və İslam abidələrinin dağıdılması, onların təhqir edilməsi ilə də davam edib. Müsəlmanların müqəddəs ibadət məkanlarının mal-qara və donuz tövləsinə çevrilməsi bütün İslam aləminin hiddətinə səbəb olub”, - deyə misirli politoloq vurğulayıb.
Xocalı soyqırımının və Ermənistanın Azərbaycana qarşı törətdiyi digər cinayətlərin müxtəlif səviyyələrdə təşkil olunan İslam forumlarında daha çox müzakirəsinə ehtiyac olduğunu diqqətə çatdıran T.Məhəmməd bildirib ki, beynəlxalq və regional tədqiqatlar və beyin mərkəzləri bu məsələləri diqqət mərkəzində saxlamalı, yeni tədqiqatlar aparılmalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xocalı faciəsi 2022-02-26 16:39:00