Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub
Gəncə, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumşəhər anım mərasimi keçirilib. Mərasim Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı soyqırımı” abidəsinin önündə təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini yad edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz Rayon İcra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, gənc rəssamların Xocalı faciəsinin dəhşətlərini əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.
Ağcabədili uşaqlar üçün əyləncə dolu bir gün
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib