×
A
A
A
Sazlamalar

Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı faciəsinin 30-cu ildönümü barədə məqaləsini yayıb

Tokio, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Yaponiyanın “ajmedia.jp” saytı AZƏRTAC-ın həmin ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırımı barədə məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xocalı soyqırımın 30-cu ildönümünü qeyd edir” sərlövhəli yapon və ingilis dillərində yayılan məqalədə faciənin törədilməsinin səbəblərindən və nəticələrindən geniş bəhs olunur. Bildirilir ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində erməni separatçıları tərəfindən törədilən soyqırımı XX əsrin ən ağır cinayətlərindən biridir.
Məqalədə tarixi Azərbaycan torpağı Xocalı şəhəri, buradakı mədəniyyət abidələri, bu torpaqların azərbaycanlılara məxsusluğunu sübut edən faktlar barədə geniş məlumat verilir. Vurğulanır ki, ermənilərin həmin şəhəri işğal edərək yandırmasının, yerli əhalini məhv etməsinin səbəbi məhz bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edən faktları aradan götürmək idi.
Keçmiş Sovet İttifaqının 366-cı alayının hərbi texnikası və heyəti ilə birlikdə şəhərə hücum edən ermənilərin burada törətdikləri vəhşiliklər barədə həm alayın hərbçiləri, həm də əcnəbi jurnalistlərin sonradan təsdiqlədikləri faktlarla ətraflı məlumat verilir. Qeyd edilir ki, dinc sakinlərin şəhəri tərk etməsi üçün yaradılan dəhliz məhz tələ rolunu oynayıb və bunun nəticəsində aralarında uşaqların, qadınların və qocaların olduğu 613 nəfər amansızcasına qətlə yetirilib, 487 nəfər yaralanıb və 1275 nəfər əsir götürülərək müxtəlif işgəncələrə məruz qalıb. Həmin insanlar məhz azərbaycanlı olduqlarına görə bu əzablara məruz qalıblar.
Məqalədə bu faciənin erməni vandalları tərəfindən törədilməsi barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın, cəllad Zori Balayanın və digər ermənilərin faciənin məhz onlar tərəfindən törədildiyini təsdiq edən fikirləri də öz əksini tapıb. Qeyd edilib ki, cəllad qəddarlığı ilə törədilmiş bu soyqırımı aktı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Yazıda Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun 2020-ci ilin payızında həmin torpaqları erməni işğalçılarından azad etdiyi xüsusi qeyd olunub. Vurğulanıb ki, bu tarixi qələbə ata-baba torpaqlarından qovulmuş insanların doğma evlərinə qayıtmasına şərait yaradıb. Azərbaycan rəhbərliyinin həmin ərazilərdə apardığı böyük quruculuq və bərpa işləri onların tezliklə öz doğma evlərinə qayıdacaqlarını deməyə ciddi əsas yaradıb.
Məqalədə həmin ərazilərdə aparılan bərpa işlərində Yaponiya şirkətlərinin də yaxından iştirak etdiyi vurğulanıb.

Xocalı faciəsi 2022-02-26 16:02:00