×
A
A
A
Sazlamalar

Peru Konqresi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat qəbul edib

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 25-də Peru Konqresinin təşkilatçılığı ilə parlament binasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Məmməd Talıbov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında iştirakçılara məlumat verib, həmçinin bu qətliamın və acı nəticələrinin unudulmamasının önəmini xatırladıb, günahkarların layiqli cəzalarını almaları və gələcəkdə bənzər faciələrin baş verməməsi baxımından bunun vacib olduğunu deyib.
Xocalı faciəsinə bir çox dünya ölkələrinin parlamentləri tərəfindən lazımi hüquqi və siyasi qiymətin verildiyini söyləyən M. Talıbov bu xüsusda 2013-cü ildə Peru Konqresində də bu qətliamı sərt şəkildə qınayan sənədin qəbul edilməsi ilə əlaqədar perulu konqresmenlərə bir daha təşəkkürünü çatdırıb.
Sonra çıxış edən Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Ore Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı ifadə edib, belə faciələrin yenidən baş verməməsi üçün günahkarların məsuliyyətə cəlb olunmamasının vacibliyini vurğulayıb və Peru Konqresi tərəfindən faciənin 30-cu ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətnini oxuyub.
Sənəddə qətliamın səbəb olduğu mülki insan tələfatı haqqında məlumat verilib, bu soyqırımı aktının beynəlxalq səviyyədə dəfələrlə qınandığı, bu xüsusda 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənədlə də pisləndiyi bildirilib.
Sonda Xocalı soyqırımı haqqında qısametrajlı film nümayiş etdirilib, iştirakçılara broşür və materiallar təqdim olunub.

Xocalı faciəsi 2022-02-26 15:41:00