×
A
A
A
Sazlamalar

Qadın, uşaq və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaq

Füzuli, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Fevralın 26-da Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə ümumrayon anım mərasimi keçirilib. Mərasimdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini anıb, dualar oxuyublar.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərasimdə iştirak edən rayon sakinləri ilə söhbətində Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu, xalqımızın yaddaşından heç bir zaman silinməyəcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
Anım mərasimində bildirilib ki, 30 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndidə yerləşən keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc, mülki əhalisinə qarşı soyqırımı törədib. Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 sakin xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər əsir götürülüb. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirib. Köməksiz qadın, uşaq və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaq.
Bildirilib ki, bu dəhşətli hadisəyə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilib, 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Anım mərasimində Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən, həmçinin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərdən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya miqyasında həyata keçirilən tədbirlərdən bəhs edilib.
Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi haqqında rayon icra hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib.

Regionlar 2022-02-26 15:33:00