×
A
A
A
Sazlamalar

“Xocalı” kədərinin kölgələri

Bakı, 26 fevral, AZƏRTAC
“Genosid” termini beynəlxalq hüquqda “qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupu tam və hissəvi şəkildə məhv etməsi” kimi tanınır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının soyqırımı cinayətinə öz tərifi vardır. Belə ki, bu, qətl anlayışı ilə yanaşı, insanların yaşamaq hüququnun inkar edilməsi kimi də xarakterizə edilir. Bunlar isə öz növbəsində soyqırımın “əhalinin qəsdən məhv edilməsi cəhdi” olduğunu bir daha sübut edir və genosidi “kütləvi qırğın” anlayışından tamamilə ayırır.
Bu fikirlər Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin “Xocalı” kədərinin kölgələri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
İkinci Dünya müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilib. Almanların yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilib. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində qanlı yaraya çevrilib.
Azərbaycan xalqı 1992-ci ilin fevralında televiziya ekranlarında öz həmvətənlərinin vəhşicəsinə öldürülməsinə: ölən uşaqların, təcavüzə məruz qalan qadınların, yaşlı insanların kəsilmiş cəsədlərinin, yerə səpələnmiş donmuş meyitlərin görüntülərinə dəhşətli şəkildə şahidlik edib, 600 sakin, 200-dən çox qadın, 83 uşaq, 70 qoca və 150 itkin düşən, 487 yaralı və 1270 mülki şəxs daxil olmaqla 613 azərbaycanlı mülki şəxsin girov götürülməsi ilə nəticələnən həmin gecə Azərbaycan və Ermənistan arasında baş verən Qarabağ müharibəsindəki ən ağır hərbi cinayətə çevrildi. Soyqırımı aktı nəticəsində “Xocalı” şəhəri demək olar ki, tamamilə məhv edilib.
Bu az deyilmiş kimi, qırğına məruz qaldıqdan sonra Xocalı şəhərini boşaltmağa çalışan mülki şəxslər Ermənistan qoşunları tərəfindən izlənilərək vəhşicəsinə qətlə yetirildilər. Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi olan Xocalı hadisəsi mülki insanları öldürmək və qorxutmaq yolu ilə onları bölgədən qaçırmaq cəhdi idi. Bu, Ermənistan ordusunun Qarabağ və Azərbaycanın digər bölgələrini işğal etməsinə imkan verəcəkdi. İstənilən şəkildə bu, təmiz və sadə bir etnik təmizləmə idi.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi bu gün Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olaraq müəyyənləşdirilib və bu istiqamətdə davamlı olaraq addımlar atılmaqdadır.
Həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası çərçivəsində bu qırğının Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı kimi tanınması üçün sərgilər, təqdimatlar, kitablar, müxtəlif dillərdə çap olunmuş jurnal və qəzet materialları nümayiş etdirilmiş, müxtəlif şəhərlərdə mitinqlər və konfranslar baş tutmuş, "Xocalı soyqırımı: siyasi, hüquqi və psixoloji aspektlər" mövzusunda dəyirmi masalar və sosial şəbəkələrdə onlayn kampaniyalar keçirilmişdir. Bu günə qədər onlarla ölkədə uğurla fəaliyyət göstərən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulub. Nəticə olaraq, Xocalı qətliamı hazırda 10 ölkədə və Amerika Birləşmiş Ştatlarının 21 əyalətində qəbul edilmiş parlament aktları ilə tanınır.
Xocalıda yaşanan dəhşət və həmin gecənin canlı şahidləri ilə müsahibələr dünyanın bir çox milli və beynəlxalq səviyyəli kitab, jurnal, qəzet və məqalələrində yer almışdır. Bunlarla yanaşı Xocalı genosidinin əsl təşkilatçısının Ermənistan hökuməti olduğunu danılmaz bir fakt olaraq dünyaya təqdim edən əsas məqam isə onların öz fikirləri ilə etiraf olunmuş kitab və müsahibələridir.
Bu gün belə satışda olan və Markar Melkonyanın yazdığı “Qardaşımın Yolu” kitabı erməni silahlısı və Xocalı qətliamının iştirakçısı olmuş Monte Melkonyanın həyatına həsr olunmuşdur. Xarici dillərə tərcümə olunmuş kitabın Ermənistan terrorçusunun “qəhrəman” kimi qələmə verilməsi nə qədər təəssüf hissi doğursa da, orada qeyd olunan sətirlər Xocalı şəhərinə edilən hücumun strateji bir hədəf olduğunu da açıq şəkildə sübut edir və Ermənistanın terrorçu xislətini ortaya qoyur.
Həmçinin keçmiş erməni lideri Serj Sarkisyan 2004-cü ildə ingilis jurnalisti Tomas de Vala verdiyi müsahibədə: "Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini düşünürdülər; ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Biz bunun əksini sübut edə bildik…" sözləri ilə Xocalı qətliamında Ermənistan hökumətinin birbaşa iştirakı olduğunu öz sözləri ilə sübut etmişdir.
Azərbaycan 200 ildir ki, ermənilər tərəfindən planlaşdırılmış etnik təmizləmə və soyqırımın qurbanı olub. Ermənistanın qanunsuz işğalı nəticəsində Azərbaycan xalqı öz tarixi torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Sovet dövründə də azərbaycanlılar öz tarixi torpaqlarından didərgin düşüblər. 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandan deportasiya edilərək Kür-Araz düzünə yerləşdirildi. 1988-ci ildə 250 min azərbaycanlı öz tarixi ərazilərindən qovulmuşdur. 1988-ci ildən başlayan Qarabağ hadisələri ermənilərin dənizdən-dənizə dövlət qurmaq istəyini həyata keçirmək üçün davamlı səylərlə yanaşı, şəhər və kəndlərin dağıdılmasına, minlərlə günahsız insanın qətlə yetirilməsinə, o cümlədən insanların didərgin düşməsinə səbəb olub.
Buna əsasən, bir daha demək olar ki, ermənilər tərəfindən “Xocalı”da baş verən qırğın beynəlxalq humanitar hüququn qanun və qaydalarına, BMT Konvensiyalarına, qadın və uşaq hüquqları ilə bağlı insan haqları perspektivlərinə və dağıdılmış Xocalı şəhərinə əsaslanan aşkar faktlarla etnik təmizləmədir. Azərbaycan ötən 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən icrasına nail olunmamış 4 əsas qətnaməni icra edərək regionda sülhü və ədaləti bərqərar etsə də, təəssüf olsun ki, Xocalı qətliamı bir çox dünya dövlətləri tərəfindən hələdə ədalətsiz bir şəkildə tanınmamış olaraq qalır. Beləliklə, Azərbaycan həmin qanlı gecənin şahidi olan insanların naminə mübarizəsini davam etdirəcək və Xocalını qətliam kimi dünyada tanıdacaqdır.
Otuz ildən sonra “Xocalı” kədərinin kölgələri qalib və parıldayan Azərbaycana çevrildi. Xalqımıza qarşı illərdir həyata keçirilən soyqırımılar iqtisadi dayanıqlıq, milli qürurun qorunması, irsin təhlükəsizliyi və ərazi suverenliyinə sarsılmaz istək konsepsiyalarını gücləndirməkdən başqa uğura nail olmadı.
Bu gün qalib xalqın yeganə istəyi, Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, sadəcə o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır.
Dünyanın bu soyqırımına qarşı laqeyd qalması, gələcək nəsillərin millətlər arasında dostluq və birliyə olan ümidlərini yox edəcəkdir.

Xocalı faciəsi 2022-02-26 15:01:00