×
A
A
A
Sazlamalar

Azərbaycan tarixinin unudulmaz səhifəsi - Xocalı soyqırımı

Bakı, 26 fevral, AZƏRTAC
Bakı şəhəri Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30 illiyinə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Sevda Əliyeva tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürülüb.
Sevda Əliyeva qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə davamlı olaraq məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrin faciəsi olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız düşmən işğalından azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı. Lakin biz xalqımıza qarşı törədilən soyqırımlarını, faciələri heç zaman unutmamalıyıq. Tariximizin gələcək nəsillərə təhrifsiz çatdırılması üçün bu günləri daim yad etməli, xatırlamalıyıq”, - deyə məktəbin direktoru Sevda Əliyeva vurğulayıb.
Məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər. Məktəbin foyesində şagirdlərin çəkdiyi Xocalı soyqırımına həsr olunan rəsmlərdən ibarət sərgi təşkil edilib. Tənəffüslərdə məktəbin radioqovşağında Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirilib.

Elm və təhsil 2022-02-26 14:51:00