×
A
A
A
Sazlamalar

Tokio sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

Tokio, 26 fevral, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən aksiya zamanı Tokio məscidində, Yaponiya paytaxtının mərkəzində yerləşən “Tokyo”, “Shinjuku”, “Shibuya”, “Seybu-Shinjuku” və “Shimbashi” stansiyalarının, Tokionun Şincuku rayonunda yerləşən “Qarabağ” restoranının qarşısında yerli sakinlərə xüsusi maskalar və broşürlər paylanıb. Erməni cəlladlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdiyi faciə barədə yerli sakinlərə ətraflı məlumat verilib.
Aksiyada Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin fəalları, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan digər həmvətənlərimiz iştirak ediblər. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış tibbi maskaların üzərində ingilis və yapon dillərində “Xocalıya ədalət!” sözləri yazılıb, erməni silahlıları tərəfindən törədilmiş faciə barədə daha ətraflı məlumat əldə etmək üçün QR-kod yerləşdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Xocalı faciəsi 2022-02-26 13:50:00