İndoneziyanın mərkəzi məscidində Xocalı ilə bağlı daha bir tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏT GF ARM) təşkilatçılığı, İndoneziya Gəncləri Milli Şurasının və İndoneziya İƏT Gənclər Forumunun tərəfdaşlığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə paytaxt Cakartanın mərkəzi Əl-Əzhər məscidində Xocalı faciəsinə həsr olunmuş növbəti anım tədbiri keçirilib.
Avrasiya üzrə Regional Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Qarabağ şəhidlərinin ruhuna dualar oxunub, namaz qılınıb, onların xatirəsi üçün havaya hava şarları buraxılıb.
Tədbirdə çıxış edən Əl-Əzhər Universitetinin prorektoru Ade Camal, İƏT GF-nin vitse-prezidenti və İndoneziyanın Milli Gənclər Şurasının sədri Tantan Tofiq Lubis 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi kütləvi qırğından, eləcə də İndoneziyanın Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması üçün apardığı haqq işini müdafiə etməsindən danışıb, xüsusilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə yayılmasının vacibliyini vurğulayıblar.
Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, İndoneziya Nümayəndələr Palatasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri Fadli Zon, həmin palatanın 1-ci komissiyasının sədri Helmi Fasal Zaini, Əl-Əzhər Universitetinin professoru Hüsnan bəy Fənani, İndoneziya Məclisi Üləmanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq komitəsinin sədri Bünyan Saptomo “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən, eləcə də Ermənistan rəhbərliyini Xocalı faciəsini tanımağa çağıran, Vyanada Srebrenitsa Memorial Muzeyinin direktor müavini Amra Beqiç tərəfindən irəli sürülmüş və hazırda İƏT GF ARM-in kampaniya kimi həyata keçirdiyi “Xocalı: Barışıq üçün tanı” təşəbbüsündən bəhs ediblər.
Sonda İndoneziya İƏT GF-nin sədri Astrid Nadya Naqziya “Xocalıya ədalət!” kampaniyası haqda təqdimatla çıxış edib, hamını onlayn kampaniyaya qoşulmağa çağırıb.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO