×
A
A
A
Sazlamalar

Xocalı soyqırımını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq...

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Gənclər Mərkəzinin və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı tarixin qan yaddaşı” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Xocalı faciəsini əks etdirən rəsmlərdən ibarət sərgi nümayiş olunub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva, “EMEDIA GROUP” Media Təşkilatının rəhbəri Elşən Əliyev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kamil Dünyamalıyev Azərbaycan xalqının tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi həkk olunan Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd ediblər. Bildirilib ki, həmin soyqırımı erməni caniləri tərəfindən törədilən ilk belə hadisə deyil. Ermənilərin tarix boyu xalqımıza, türk-müsəlman əhalisinə qarşı bəslədiyi kin, nifrət hissləri XX əsrin əvvəllərində daha qabarıq şəkil alaraq törədilən etnik təmizləmə, soyqırımı cinayətlərində öz əksini tapdı. Xocalı faciəsi isə erməni faşizminin iç üzünü bir daha dünyaya nümayiş etdirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridərək şəhəri yerlə-yeksan etdi, əhaliyə divan tutdu. Qəddarcasına törədilən soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirildi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinin soyqırımı kimi təsbit olunması, ona hüquqi-siyasi qiymət verilməsi, dünyaya bəyan edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli işlər görüldü. Prezident İlham Əliyevin hakimiyyəti illərində də Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı iş davam edir. Hər il faciənin ildönümü ərəfəsində dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur. Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Xocalını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq.
Vətən müharibəsi qazisi Zakir İmanov erməni vandallarının alçaq xislətinin işğal dövründə də, Vətən müharibəsi zamanı da davam etdiyini qeyd edib: “Topraqlarımız işğalda olarkən dəfələrlə törədilən təxribatlar zamanı mülki əhali, o cümlədən uşaqlar hədəf oldular. Vətən müharibəsi dövründə isə Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Tərtərin və digər rayon və kəndlərdəki yaşayış məntəqələrinin raket və ağır artilleriya ilə vurulması nəticəsində mülki vətəndaşların həyatını itirməsi, onlar arasında körpələrin, uşaqların olması erməni faşist ideologiyasının əsrlər keçsə də dəyişmədiyini və bəşəriyyət üçün daim təhlükə yaradacağını deməyə əsas verir. Törətdikləri vəhşi əməllərə görə erməni vandallarının cavabı Vətən müharibəsi dövründə döyüş meydanında verildi. Ordumuz erməni terrorçularının təxribat və hiyləgər planlarına uymadı, dövlətimiz tərəfindən dəfələrlə mülki əhalinin hədəf olmadığı bəyan edildi. Ermənilərin xalqımızın başımıza gətirdikləri faciələrin, qətliamların əvəzi haqq savaşında onların üzləşdikləri acı və biabırçı məğlubiyyət oldu. Özləri haqqında məğlubedilməzlik mifi yaradan erməni ordusunun əsgərlərinin Milli Ordunun döyüş şücaəti önündə tab gətirməyərək acizanə şəkildə qaçması, Azərbaycan əsgərinin adı gələndə gözlərindən oxunan qorxu isə onlara ömürlük, heç vaxt unudulmayacaq dərs oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı, müqəddəs Qarabağ torpağını işğaldan azad edərək şəhidlərin nigaran ruhlarını rahatlığa qovuşdurdu”.
Türkiyəli aktyor Erhan Ufak hər il Xocalı faciəsi qurbanlarının qardaş ölkədə də dərin hüznlə yad edildiyini, mülki əhaliyə, xüsusilə uşaqlar və körpələrə qarşı belə amansız cinayət törədənlərin cəzalandırılacağına ümid etdiyini bildirib.
Səkkiz gün erməni əsirliyində olan Xocalı sakini Dürdanə Ağayeva başına gətirilən və şahid olduğu vəhşiliklərdən danışıb, o günlər ərzində yaşadıqlarını bir ömür unutmayacağını diqqətə çatdırıb.
Sonda rəssamlar “Xocalı tarixin qan yaddaşı” sərgisindəki iştiraklarına görə sertifikatlarla təltif ediliblər.

Xocalı faciəsi 2022-02-26 13:37:00