×
A
A
A
Sazlamalar

Yekaterinburqda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım mərasimi təşkil olunub

Yekaterinburq, 26 fevral, AZƏRTAC

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın baş konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayətindəki nümayəndəliyinin (RAGB) təşkilati dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yekaterinburq şəhərinin Beynəlxalq Ticarət Mərkəzində təşkil olunmuş tədbirdə Yekaterinburq şəhərində yerləşən diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, Rusiya Federasiyasının Ural Federal dairəsinin Çelyabinsk, Tümen, Surqut, Serov şəhərlərindəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Yekaterinburq şəhərində fəaliyyət göstərən digər xalqların diaspor rəhbərləri və soydaşlarımız iştirak ediblər.
Qonaqlar gün ərzində Beynəlxalq Ticarət Mərkəzinin foyesində sərgilənən və Xocalı soyqırımını əks etdirən fotoşəkillərin sərgisi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsi Vaqif Mustafayevin müəllifi olduğu və Xocalı soyqırımına həsr edilmiş “Dərdimi çəkirəm” qısametrajlı filmin nümayişi ilə başlayıb.
Sonra Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin nəticəsi olaraq, xalqımıza qarşı mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasətin nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları öz tarixi torpaqlarından didərgin salınmasından danışıb, erməni daşnaklarının “böyük Ermənistan” dövləti qurmaq xəyalını həyata keçirmək üçün ölkəmizin müxtəlif bölgələrində törədilmiş misli görünməmiş qırğınları tarixi faktlarla əsaslandırıb. Daşnak ideologiyasının azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətinin sovet dövründə də “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdiyini bildirən Ş.Mustafayev xüsusilə XX əsrin 60-80-ci illərində ulu öndər Heydər Əliyevin erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirmək üçün hazırladıqları planları alt-üst etdiyini vurğulayıb. Təəssüflə qeyd edib ki, 1987-ci ildə öz çirkin niyyətlərinə çatmaq istəyən M.Qorbaçov məhz bu səbəbdən ermənilərin də dəstəyi ilə ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasına nail olub.
Təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli soyqırımı cinayətinin BMT Baş Assambleyasının “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyasının müvafiq maddələri, habelə Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya, Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi və Azərbaycan Respublikasının milli qanunvericiliyində mövcud olan qanun və fərmanlarla soyqırımı aktı kimi tövsif olunduğunu qeyd edən Ş.Mustafayev dünyanın bir çox ölkəsinin parlamentlərinin, bir neçə beynəlxalq təşkilatın və ABŞ-ın 24 ştatının Xocalıda baş verən faciəni soyqırımı aktı kimi qəbul etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Ş.Mustafayev 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü, beynəlxalq hüququn norma və prinsiplərini təmin etdiyini, 200 ilə yaxındır xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən təcavüzün layiqli cavabının verildiyini qeyd edib.
Daha sonra çıxış edən Ural Federal Universitetinin professoru, Azərbaycanşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Aleksandr Nesterev ermənilərin mənşəyi və onların tarixi torpaqlarımıza köçürülməsinin qısa tarixindən bəhs edib, Xocalı faciəsini törədənləri nasistlərlə eyniləşdirib.
Tədbir “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskinin çıxışı ilə davam edib. Ş.Şıxlinski Xocalı soyqırımı haqqında ətraflı danışaraq, Xocalıda baş verənləri soyqırımı aktı kimi qiymətləndirib. O, 44 günlük Vətən müharibəsində, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvətlərinin 30 ildir xalqımıza qarşı olan ədalətsizliyə son qoyduğunu və ərazi bütövlüyümüzü bərpa etdiyini diqqətə çatdırıb.
Anım tədbirində çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə bildirib ki, Azərbaycan gəncliyi tarixin bütün dövrlərində, habelə Xocalı şəhərində yaşanan soyqırımı cinayətini unutmamalı və dünya ictimaiyyəti bu qəbildən olan cinayət aktlarına göz yummamalıdır.
Tədbirin rəsmi hissəsinin sonunda Çelyabinsk vilayəti “Ozan” Azərbaycan mədəniyyət mərkəzi ictimai təşkilatının sədri Rəfail Quliyev, Özbəkistanın Yekaterinburq şəhəri üzrə diaspora sədri və Azərbaycanın digər diaspora fəalları çıxış ediblər.
Rəsmi hissə başa çatdıqdan sonra “Bakı Film” kinostudiyasının təqdimatı ilə “Xoca” filmi nümayiş olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq

Xocalı faciəsi 2022-02-26 13:09:00