×
A
A
A
Sazlamalar

Otuz ilin xronikası şagirdlərin təqdimatında

Bakı, 26 fevral, AZƏRTAC

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Ulu tarix, sözünü de sabaha” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsi olan Xocalı soyqırımının unudulmaması, tarixi həqiqətlərin təbliği işində məktəbin, müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva 1992-ci ilin soyuq fevral günlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri insanlığa sığmayan qəddarlığı, körpələrin, qadınların, qocaların işgəncələrlə qətlə yetirildiyi, ləyaqətlərinin alçaldıldığı Xocalı faciəsini XX əsrdə bəşər tarixinin yaşadığı ən qanlı hadisə kimi xatırlandığını bildirib.
İdarə müdiri vurğulayıb ki, sadəcə ilin bir günü deyil, mütəmadi olaraq şagirdlərin qədim və çağdaş tariximizdə yaşanan, hər bir azərbaycanlının unutmamalı olduğu hadisələr haqqında məlumatlandırılması, onlarda Vətənə sevgi, sədaqət hisslərinin aşılanması hər zaman təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Tədbirdə şagirdlər Xocalı soyqırımına, hadisələrin ondan sonrakı inkişafına və Vətən müharibəsində qazanılan şanlı Zəfərə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Elm və təhsil 2022-02-26 11:50:00