×
A
A
A
Sazlamalar

UTECA-da Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib

Gəncə, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (UTECA) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, UTECA-nın rektoru, professor Akif Süleymanov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı sakinləri xilas olmaq üçün Ağdam istiqamətində qaçıb canlarını qurtarmaq istəyiblər. Ermənilər isə dinc sakinləri gülləbaran edib, bəşər tarixinin ən qanlı qətliamlarından birini törədiblər. Rektor əlavə edib ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları açıqlanıb.
Vurğulanıb ki, Heydər Əliyev Fondu uzun illərdir Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının səmərəsi isə ildən-ilə artır. Məqsəd dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.
Rektor deyib ki, Azərbaycan hazırda Xocalı faciəsinin ildönümünü hüznlə bərabər, 44 günlük Vətən müharibəsində Zəfər qazanan xalq olaraq həm də qürurla yad edir.
Tədbirdə Xocalı sakini, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov çıxış edərək faciənin miqyasından danışıb. Bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Sonra “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədli çıxış edərək qəzetin faciə ilə bağlı təfərrüatlı məlumatlar verən ilk mətbu orqanlarından biri olduğunu bildirib. Eyni zamanda, UTECA tələbəsi olan Qalib uzun illər ərzində Xocalı şahidlərinin qan yaddaşını dinləyən jurnalist kimi uşaq, qadın və qocaların başına gətirilən minbir müsibətlərdən söz açıb.
UTECA-nın baş müəllimi Hüseyn Budaqovun Xocalı faciəsi ilə bağlı çıxışından sonra Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Nağıyev “Xocalıya ədalət” kampaniyası çərçivəsində Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilən “Sevinj stories” adlı layihə barədə məlumat verib. Bildirib ki, sosial şəbəkə gündəliyi formatında olan layihə Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirir. Sözügedən instaqram sosial şəbəkə səhifəsinin daha çox izləyici tərəfindən tanınmasının Xocalı faciəsini dünyanın diqqətinə çatdırılmasına kömək edəcəyini bildirərək, dəyirmi masa iştirakçılarını səhifəni aktiv şəkildə izləməyə dəvət edib.
Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Regionlar 2022-02-26 11:48:00