×
A
A
A
Sazlamalar

İqor Korotçenko: Xocalı hadisələri Rusiyada rəsmən Azərbaycan xalqının soyqırımı aktı kimi tanınmalıdır

Moskva, 26 fevral, AZƏRTAC

Mən tamamilə əminəm ki, biz Xocalı hadisələrinin Azərbaycan xalqına qarşı soyqırımı aktı olmasını Rusiyada qanunvericilik səviyyəsində rəsmən tanımalıyıq.
AZƏRTAC xəbər verir ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri Moskvadakı Yəhudi Tolerantlıq Mərkəzində Xocalı faciəsi qurbanlarının anım tədbirində söyləyib.
Ekspert deyib: “Biz bu gün burada erməni silahlı dəstələri tərəfindən Azərbaycan ərazisində törədilmiş vəhşiliklərin günahsız qurbanlarını – qadınları, uşaqları, qocaları, xəstələri, yaralıları – bir daha yad etmək üçün toplaşmışıq. Cənab səfir on milyonlarla insanın taleyinə təsir göstərmiş bu böyük faciənin səbəblərinin tarixi xronologiyasını ətraflı şərh etdi. Bu, ilk növbədə, erməni millətçiliyi və erməni separatizmidir. Məhz bu ideyalar Sovet İttifaqının dağılmasının detonatoru oldu, sonra qardaş qırğınına, qanlı və dəhşətli müharibəyə gətirib çıxardı. Yaxın Şərqdə fəaliyyət göstərən erməni terror təşkilatlarının döyüşçüləri də erməni separatistlərinə kömək edirdilər. Azərbaycan əhalisini qırmaq üçün tətbiq edilmiş terror metodları bu gün, 30 il sonra da, dəhşətə səbəb olur, insanın damarlarında qanı donur”.
İ.Korotçenko bildirdi ki, cinayətkar əmrlər vermiş erməni siyasətçiləri, bu əmrləri icra etmiş erməni hərbi qulluqçular, Yaxın Şərqdən olan və bu hadisələrdə iştirak etmiş erməni terrorçular layiqli cəzalarını çəkməlidilər.
İqor Korotçenko vurğulayıb: “Bu, insanlığa qarşı vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Belə cinayətlərin iddia müddəti mövcud deyil. Xocalı soyqırımında günahkar olan siyasətçilər və icraçılar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Mən tamamilə əminəm ki, biz Xocalı hadisələrinin Azərbaycan xalqına qarşı soyqırımı aktı olmasını Rusiyada qanunvericilik səviyyəsində rəsmən tanımalıyıq. Biz Rusiya Dövlət Dumasının müvafiq qərar qəbul etməsinə, həmin qərarın hüquqi baxımdan rəsmiləşdirilməsinə nail olacağıq”.
Ekspert ayrıca qeyd etdi ki, Rusiya xalqı həmişə Azərbaycan xalqının yanında olub.
İ.Korotçenko sonda deyib: “İkinci Qarabağ müharibəsi günlərində hamı çox yaxşı anlayırdı ki, Azərbaycan Vətən müharibəsi, işğal edilmiş ərazilərin azad olunması uğrunda ədalətli müharibə aparır. Buna görə ikinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi tarixən qabaqcadan müəyyən edilmişdi və labüd idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri təzəcə başa çatıb, bu səfər müddətində ən yaxın bir neçə onilliyə Rusiyanın və Azərbaycanın qarşılıqlı strateji müttəfiqlik əlaqələrini müəyyən edən mühüm sənədlər imzalanıb. Rusiya ekspert cəmiyyəti bu səfəri alqışladı. Biz Azərbaycanın timsalında Rusiyanın etibarlı müttəfiqini, strateji tərəfdaşını görürük. Biz Rusiya-Azərbaycan əlaqələrinin daha da möhkəmlədilməsi və inkişafı üçün nə mümkündürsə edəcəyik. Bu əlaqələrin möhkəmlədilməsi elementlərindən biri də Xocalı soyqırımı haqqında bizim ümumi yaddaşımız və bu dəhşətli cinayəti törətmiş hərbi cinayətkarları tapmaq və cəzalandırmaq tələbimiz olacaq”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xocalı faciəsi 2022-02-26 11:33:00