×
A
A
A
Sazlamalar

30 ildir Xocalıda donub qalan övladlarının yolunu gözləyən ana FOTO VİDEO

Goranboy, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC

Övladlarımdan bir nişanə, ziyarət yeri belə yoxdur. Hər il fevral ayı gələndə elə bilirəm ki, dağ uçub, altında qalmışam. Balaca oğlum məktəbə hələ təzə gedirdi. Onlar erməni faşizminin qurbanı oldular, meşədə donub qaldılar...
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında üç azyaşlı övladı Xocalı faciəsində donaraq ölən Sədaqət Hüseynova deyib. Xocalı sakini indi Goranboyda məskunlaşıb.
Hüseynova Sədaqət Hüseyn qızı 1959-cu ildə Xocalı şəhərində anadan olub. İki bacı olan S.Hüseynova 1980-cı ildə ailə həyatı qurub. 1981-ci ildə övladları Nəbi Ağayarov, 1985-ci ildə Sevinc Ağayarova və 1986-cı ildə Roman Ağayarov dünyaya gəlib.
O, ermənilərin fevralın 25-26-na keçən gecə Xocalıya hücumları zamanı üç körpə övladı ilə birgə beş gecə meşədə qalıb.
“Xocalı dörd bir tərəfdən mühasirəyə alınanda biz də camaatla birgə Qarqar çayına doğru gəldik. Övladlarımı bir-bir arxama alıb çayın o biri tərəfinə keçirdim və meşəyə tərəf üz tutduq. Bir tərəfdən yağan güclü qar, digər tərəfdən meşənin çətin relyefi. Yolumuzu azaraq Xankəndinin yuxarı ərazilərinə çıxdıq. Bacım, onun dörd övladı və mən üç övladımla birgə meşədə ağacın altında gecələdik. Nə qızınmağa odunumuz, nə də yeməyə bir şey yox idi. Hamımız soyuqdan donurduq. Fevralın 26-sı gecə gördüm ki, qızım dünyasını dəyişir. Səhər hava işıqlaşanda ikinci övladım da dünyasını dəyişdi. Nə qədər çalışıb övladlarımı qızındırmağa cəhd etsəm də, bacara bilmədim. Bacımın da iki övladı donaraq rəhmətə getdi,” - deyə Sədaqət Hüseynova deyir.
Fevralın 26-sı meşədə çıxış yolu axtaran Sədaqət Hüseynova qarın üzərində erməni faşizminin qurbanı olan Xocalı sakinlərinin cəsədlərini gördüyünü bildirir: “Fevralın 26-sı meşədə bacımın üçüncü övladı da soyuqdan dünyasını dəyişdi. Ayağımdan ayaqqabımın biri çıxmışdı, ayaqlarım donduğundan heç nə hiss etmirdim. Ayın 27-də isə böyük övladım da gözümün qabağında dondu. Üç övladımdan heç birini çıxarda bilmədim... Bacım Saranın da ayaqları donmuşdu, yeriyə bilmirdi. Fevralın 29-dək o soyuq günlərdə meşədə qaldıq. Sonda bacımın qızı ilə birgə min bir əziyyətlə özümüzü azərbaycanlılar yaşayan kəndə çatdıra bildik”.
Sonra Sədaqət Hüseynova Ağdamdan Bakıya gətirilib və donvurmadan ayaq barmaqlarının bir neçəsi amputasiya olub. Faciədən sonra bir qız, bir oğlan - iki övladı dünyaya gəlsə də, nakam ana hələ də 1992-ci ildə Xocalıda qarın üzərində donan övladlarının yolunu gözləyir...

Regionlar 2022-02-26 11:12:00

Video