×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı amansızlığı və qəddarlığı ilə seçilən cinayətdir

Bakı, 26 fevral, AZƏRTAC

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və eləcə də Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə institutun baş direktoru professor Abbas Seyidov vurğulayıb ki, Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş, öz amansızlığı və qəddarlığı ilə seçilən cinayətdir.
Professor Əsədulla Cəfərov məruzə ilə çıxış edərək Xocalı soyqırımı haqqında geniş məlumat verib. Bildirilib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən 613 mülki Azərbaycan vətəndaşı, o cümlədən 63 uşaq xüsusi amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. İtkin düşən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün mühüm işlər davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşündə torpaqlarımızı işğaldan azad etdi.
Anım tədbirində, həmçinin professorlar Hidayət Cəfərov və Şirin Bünyadova çıxış edərək bu qanlı tarix haqqında öz fikirlərini bölüşüblər.

Elm və təhsil 2022-02-26 11:07:00