×
A
A
A
Sazlamalar

Qəhrəman Ordumuz 44 günlük müharibədə Xocalı faciəsi qurbanlarının da qisasını aldı

Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı rayonunun bütün idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planı çərçivəsində Sumqayıtdakı “28 May” Mədəniyyət Evində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar mədəniyyət müəssisəsinin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar.
Akt zalında keçirilən tədbir şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Faciə ilə əlaqədar hazırlanmış videoçarxın nümayişindən sonra bədii qiraət dərnəyinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalar, Xocalı faciəsinə həsr olunmuş şeirlər səslənib, muğam parçaları ifa olunub.
Bildirilib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə divan tutublar. Ermənistan hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş beynəlxalq cinayətdir.
Qeyd edilib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra dünya ictimaiyyətinə açıqlanıb. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib, Xocalı qətliamı soyqırımı aktı kimi tanınıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilib.
Vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, düşmənin başı “dəmir yumruq”la əzildi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətənimiz yenidən bütövləşdi.

Regionlar 2022-02-26 10:25:00