×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünya tarixinin ən dəhşətli faciələrindən biridir

İstanbul, 26 fevral, AZƏRTAC

İstanbulun Mərmərə Universitetində “Xocalıya ədalət!” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə üzrə koordinatorluğunun təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və digər qurumların iştirakı ilə baş tutub.
Konfransda çıxış edən Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimov, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, türkiyəli professorlar Alaeddin Yalçınkaya, Raqıb Kutay Karaca, Okan Yeşilot və digərləri Xocalı soyqırımı haqqında danışıb, bu qanlı hadisənin səbəbkarlarının cəzalandırılmasının tariximiz və gələcəyimiz baxımından vacibliyini vurğulayıblar.
Çıxışçılar Xocalı soyqırımının təkcə Azərbaycan və Türkiyənin deyil, bütün dünya tarixinin ən dəhşətli faciələrindən biri olduğunu deyiblər.
Bildirilib ki, Ermənistan Azərbaycan torpaqlarını işğalı edən zaman bir milyondan çox soydaşımız öz yurd-yuvalarından, doğmalarının məzarlarından uzaqda yaşamağa məhkum ediliblər.
Konfrans çərçivəsində Türkiyənin “Haber Global” kanalı tərəfindən hazırlanan Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Türkiyədə müalicə alan İkinci Qarabağ qaziləri, qardaş ölkənin dövlət qurumları, QHT-ləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul 

Xocalı faciəsi 2022-02-26 08:15:00