×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Serbiyada yad edilib

Belqrad, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə paytaxtın “Milli Muzeyi”ndə anım konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, dünya və Azərbaycan klassik musiqilərinin səsləndirildiyi anım konsertində Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, yerli KİV nümayəndələri, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.
Ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlər və Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. Ermənilərin tarix boyu Azərbaycana qarşı əsassız ərazi iddialarından və törətdikləri cinayətlərdən bəhs edən səfir Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb.
Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması Ermənistan tərəfindən 2020-ci il 27 sentyabr – 10 noyabr tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirildiyini bildirən K.Xasiyev döyüş əməliyyatlarının getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror taktikasına əl atdığını, erməni tərəfinin bu dəfə müasir növ zirehli texnika, ballistik raket qurğuları və kaset sursatlarından istifadə edərək növbəti dəfə dinc əhalini hədəfə alaraq qətlə yetirdiyini bildirib.
Daha sonra iştirakçılar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotosərgi ilə tanış olublar.
Səfirlik tərəfindən hazırlanmış, Xocalı soyqırımının səbəblərini və nəticələrini özündə əks etdirən məlumatlar xarici ölkələrin Serbiyadakı səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, bu ölkənin dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV-ə yayılıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Xocalı faciəsi 2022-02-26 07:26:00