×
A
A
A
Sazlamalar

Qırğızıstanda Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

Bişkek, 26 fevral, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyi Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstan Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, parlamentin deputatları, ali təhsil müəssisələrinin rektorları, ziyalılar, Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Dərdimi çəkirəm” sənədli filmi göstərilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib ki, Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq bu yara xalqımızın qəlbini indi də sızıldadır. O deyib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibədə Xocalı qətliamının məqsədyönlü şəkildə törədildiyini açıq şəkildə etiraf edib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.
Səfir bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu silsilə tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlər nəticəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, 17 ölkənin parlamenti, ABŞ-ın 24 ştatı və bir neçə beynəlxalq təşkilat Xocalı soyqırımı haqqında müvafiq sənədlər qəbul ediblər. O vurğulayıb ki, Xocalı soyqırımı “dənizdən-dənizə Böyük Ermənistan” ideyasının ən qanlı səhifəsindən biridir. Tökülən qanların qisası Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı alındı.
Səfir qeyd edib ki, heç bir cinayət yerdə qalmayacaq, Xocalı soyqırımının günahkarları - Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri bəşəriyyət qarşısında mütləq cavab verəcəklər. Diplomat xüsusilə vurğulayıb ki, bizim Xocalı qurbanları qarşısında borcumuz bu dəhşətləri unutmamaqdır. Əgər unutsaq, o zaman bu cür dəhşətlərlə yenidən üzləşə bilərik.
Qırğızıstandakı “Azəri” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev xalqımıza başsağlığı verərək qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad edib, beynəlxalq hüquq bərpa olunub və Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz iqtisadi imkanları və xalqın birliyi sayəsində təkbaşına icra edib.
Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan bildirib ki, Azərbaycan xalqı kimi türk xalqı da həmişə Xocalı qətliamının qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı faciəsi təkcə Azərbaycanın, türk dünyasının deyil, bütün bəşəriyyətin faciəsidir. Onların xatirəsi əbədi yaşayacaq.
Qırğızıstan Joqorku Keneşin (Parlametin) deputatı Dinara Aşımova da Xocalı hadisələrindən danışıb. O, nümayiş olunan filmin kadrlarının onu sarsıtdığını etiraf edərək bildirib ki, heç bir yerdə belə cinayətlərə yol vermək olmaz. Qırğızıstan xalqı öz qardaş xalqının belə dəhşətli faciəsinə biganə qalmayacaq və qanunverici orqanın nümayəndəsi kimi Qırğızıstanın Xocalı soyqırımını tanıması üçün səy göstərəcək.
“Veçerniy Bişkek” qəzetinin baş redaktorunun müavini Nina Niçiporova ötən ilin payızında MDB ölkələrindən olan jurnalistlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfəri ilə təəssüratlarını bölüşüb və gördüklərini XXI əsrin Xirosiması adlandırıb.
Tədbirin sonunda Murad Hüseynovun “İthaf” filmi nümayiş olunub və Xocalı şəhidlərinin ruhuna ehsan verilib.
Səfirlik tərəfindən hazırlanan geniş məlumatlar toplusu Qırğızıstan XİN-nə, ölkədə akkreditasiya edilmiş səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, mətbuata göndərilib.
Bundan başqa, Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı, Azərbaycanın dini liderlərinin müraciəti və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatı Qırğızıstanın aidiyyəti qurumlarına təqdim edilib. Səfirliyin təşəbbüsü ilə Bişkek şəhərinin mərkəzi küçələrində yerləşən 8 ən böyük elektron lövhədə 24 saat ərzində “Xocalıya ədalət!” posterləri nümayiş olunub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xocalı faciəsi 2022-02-26 02:17:00