×
A
A
A
Sazlamalar

ATƏT Parlament Assambleyasının sessiyasında Xocalıya ədalət tələb olunub

Vyana, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Vyanada ATƏT Parlament Assembleyasının 21-ci qış sessiyasında Demokratiya, insan haqları və humanitar məsələlər baş komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar çıxış edib. O bildirib ki, Holokostdan sonra 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Soyqırımı Konvensiyası qəbul ediləndə dünya “bir daha heç vaxt” dedi. Amma təəssüf ki, Birləşmiş Millətlər Təşkilatının verdiyi vəd pozuldu, “bir daha heç vaxt” “təkrar-təkrar” baş verdi.
Deputat bildirib ki, fevralın 26-da Azərbaycan xalqı BMT-nin Soyqırımı Konvensiyasının qəbulundan 44 il sonra Ermənistanın bəşəriyyətə qarşı törətdiyi ən qanlı və ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 dinc azərbaycanlı, o cümlədən 169 qadın və uşaq vəhşicəsinə və məqsədyönlü şəkildə qətlə yetirilib. 1275 mülki şəxs girov götürülüb, onların taleyi hələ də məlum deyil. Ermənistan Respublikasının Xocalıda törədilmiş cinayətlərə görə məsuliyyəti çoxsaylı faktlarla, o cümlədən istintaq protokolları, beynəlxalq media mənbələrindən alınan sübutlar və tanınmış insan haqları təşkilatlarının hesabatları ilə təsdiqlənir.
Azay Quliyev diqqətə çatdırıb ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqı üçün böyük kədər günü deyil, həm də bütün bəşəriyyət üçün “qara səhifə”dir. Bu qeyri-insani cinayətlərin təşkilatçıları və icraçıları cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılana qədər bu “qara səhifə” olduğu kimi qalacaq.
Azərbaycan nümayəndəsi vurğulayıb ki, bu cür cinayətlər cəzasız qaldıqda, bu, bütün mövcud humanitar normaları pozur və günahkarları cəzasız qalacaqlarına inandırır: “Dünyada baş verənlərə baxanda bir sadə sual düşünürəm. Niyə “bir daha heç vaxt” Xocalıya aid edilmir? Hanı bizim mənəvi cəsarətimiz, siyasi iradəmiz? Bütün dünyadakı xoşməramlı insanlar Xocalı soyqırımı qurbanları üçün öz sözünü deməyə və ədaləti müdafiə etməyə borcludurlar. Bu cinayət təkcə qurbanların sayı ilə əlaqədar deyil. Onlar analar, atalar, qızlar, oğullar, ailə, dostlar və qonşulardır. Ürəyimiz bu qəddar və iyrənc vəhşilikdən zərər çəkmiş bütün qurbanlar, sağ qalanlar, ailələri və yaxınları üçün parçalanır. Bu anım günündə gələcəkdə oxşar hadisələrə yol açan millətlərarası düşmənçiliyin və dözümsüzlüyün qarşısını almaq məqsədilə bu cür cinayətlərə adekvat cavab verməklə “bir daha heç vaxt” vədimizə əməl etmək üçün kollektiv şəkildə əlimizdən gələn hər şeyi etməyə özümüzə söz verməliyik. Gəlin, Xocalı qurbanlarını yad edək! Gəlin, Xocalı üçün ədalətə nail olaq!”.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xocalı faciəsi 2022-02-25 20:15:00