×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada anılıb

Varşava, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Polşada Respublikasındakı səfirliyi, ölkəmizin Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Varşavada Azərbaycan Dövlət Pantomima Teatrının Xocalı soyqırımına həsr edilmiş tamaşası keçirilib.
Tədbirdə Polşanın qanunverici orqanı, dövlət qurumları və digər təşkilatların rəhbər və nümayəndələri, Polşa dini qurumlarının üzvləri, işgüzar dairələr və yerli mətbuat nümayəndələri, həmçinin Polşada yaşayan həmvətənlərimiz, türk icmasının üzvləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək, Ermənistan silahlı qüvvələrinin Sovet İttifaqının 366-cı motoatıcı alayı ilə birgə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə xalqımıza qarşı törətdiyi misli görünməmiş soyqırımı cinayətindən danışıb, uşaq, qadın, qoca demədən Xocalı sakinlərinin vəhşicəsinə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir qanlı cinayət nəticəsində 106 qadın, 63 uşaq, 70 ahıl, olmaqla 613 nəfər sakinin qətlə yetirildiyini, 483 nəfərin yaralandığını, 1275 nəfərin girov götürüldüyünü bildirib, onlardan 150 nəfərin taleyi barədə bu günə qədər heç bir məlumatın olmadığını, 130 uşağın valideynlərdən birini, 25 uşağın hər iki valideynini itirdiyini, 8 ailənin isə tamamilə qətlə yetirildiyini qeyd edib. Səfir Xocalı sakinlərinin yalnız onların azərbaycanlı olduqları üçün öldürüldüklərini vurğulayıb.
Nərgiz Qurbanova qanlı faciə barədə məlumatların “Memorial”, Human Rights Watch, müstəqil insan hüquqları üzrə təsisatların hesabatlarında əks edildiyini və “Reuters”, “Newsweek” və onlarca digər nüfuzlu beynəlxalq xəbər agentlikləri və mətbu orqanlarında geniş şəkildə işıqlandırıldığını, həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını bildirib.
O, 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsində Xocalıda törədilmiş soyqırımını “Müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət kimi qiymətləndirilən xüsusi ağırlıqlı əməl” kimi təsnifləndirildiyini qeyd edib.
Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılmasının vacibliyini bildirən N.Qurbanova vurğulayıb ki, artıq uzun illərdir aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın 17 ölkəsi və ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyıb. Səfir sonda Azərbaycan xalqının qisas deyil, ədalət, sülh istədiyini söyləyib.
Çıxışdan sonra Azərbaycan Dövlət Pantomima Teatrının ifasında Xocalı soyqırımına həsr edilmiş tamaşa nümayiş olunub.
Tamaşadan sonra qonaqlar anım süfrəsinə dəvət ediliblər.
Bununla yanaşı, səfirlik tərəfindən Tənha Uşaqlı Qadınlar Evinə Azərbaycan mətbəxindən şirniyyat nümunələri və meyvə şirələri verilib, Varşavanın Qan Donor Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyasına dəstək göstərilib. Qanvermə aksiyasında Xocalı soyqırımı barədə məlumatları özündə əks etdirən bannerlər quraşdırılıb, faciə ilə bağlı broşür və kitabçalar qanverməyə gələn insanlar arasında paylanıb.
Səfirliyin önündə 26 fevral - Xocalı soyqırımının anım gününə həsr edilmiş xatirə guşəsi quraşdırılıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

Xocalı faciəsi 2022-02-25 20:07:00