×
A
A
A
Sazlamalar

Azərbaycan Hərb Tarixi Muzeyində “Erməni vəhşəti - Xocalı soyqırımı!” adlı anım tədbiri keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Xocalı soyqırımı: dünyanın gözü önündə vəhşət və bərpa olunmayan ədalət” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasimdə çıxış edərək xalqımızın tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımının acı nəticələrindən danışıb. Qeyd edib ki, misli görünməmiş bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, 613 dinc sakini qətlə yetirib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilər hətta günahsız insanlara - qadınlara, uşaqlara və yaşlılara belə aman verməyiblər. Məhz bu xüsusi qəddarlığın nəticəsidir ki, həlak olanların 106-sı qadın, 63-ü uşaq və 70-i qocadır. Bundan başqa, 487 nəfər ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin müavini Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov çıxış edərək Xocalı həqiqətlərinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı.
Anım tədbiri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya və vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə davam etdirilib.

Xocalı faciəsi 2022-02-25 20:05:00