FHN-in Akademiyasında Xocalı soyqırımının 30 illiyi münasibətilə anım tədbiri keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyası rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov Xocalı soyqırımı haqqında danışaraq, bu hadisənin XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu vurğulayan natiq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb.
Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirən Q.Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla şəhidlərimizin intiqamını alıb.
Mərasimdə çıxış edən Xocalı sakini, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva əsirlikdə olduğu müddətdəki acı xatirələrindən, gördüyü amansız vəhşiliklərdən söz açıb. D.Ağayeva Xocalı soyqırımı ilə bağlı yazdığı “Erməni zindanında 8 gün” kitabını Akademiyanın kitabxanasına hədiyyə edib. O, müəllifi olduğu kitabın yazılma səbəbinin xocalılıların başına gətirilən soyqırımının dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb. Natiq dövlətimizin başçısının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını deyib.
Günün sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
XİN Xocalı soyqırımı ilə bağlı esse müsabiqəsi elan edib
Səfir: Srebrenitsa soyqırımının bütün xüsusiyyətlərini Xocalının acı taleyində görmək mümkündür
Beynəlxalq insan hüquqları müdafiəçiləri Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıblar
Ukraynanın Sumı vilayətində Xocalı soyqırımı həqiqətlərinə dair stend yaradılıb