×
A
A
A
Sazlamalar

Elmi-praktik konfrans: “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımı aktıdır”

Füzuli, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayon Heydər Əliyev mərkəzində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilən “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımı aktıdır” adlı elmi-praktik konfrans keçirilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Füzuli rayon Təhsil Şöbəsinin əməkdaşları, Horadiz şəhər 1 və 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, Gənclərin İnkişaf Karyera Mərkəzinin Füzuli rayon üzrə nümayəndəsi, mərkəzin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı soyqırımında amansızcasına qətlə yetirilmiş həmvətənlərimizin, Vətənimizin bütövlüyü və azadlığı uğurunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Şahanə Kərimova konfransı açaraq qeyd edib ki, Xocalı qətliamı erməni millətçilərinin Azərbaycana xalqına qarşı həyata keçirilən planlaşdırılmış etnik təmizləmə aktıdır.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Məktəblilərin ifasında Xocalı faciəsini həsr edilən şerlər səsləndirilib. Sonra “Xocalı harayı” adlı videoçarx izlənilib.

 

Regionlar 2022-02-25 19:16:00