×
A
A
A
Sazlamalar

Xətai rayonunda Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Xətai Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı faciəsində və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımıdır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Xocalı 30 ildir dünyadan ədalət, faciəni törədənlərin layiqli cəzalandırılmasını gözləyir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi kimi dəhşətli faciələr ilə bir sırada dayanır. Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Günahkarlar məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını almalıdırlar.
V.Rəhimzadə Azərbaycan dövlətinin Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərdən geniş bəhs edərək deyib: “Soyqırımı aktına ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, daha sonra isə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Ölkə Prezidentinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da qeyd olunur ki, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq”.
YAP Xətai rayon təşkilatının sədri Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun gördüyü işlərin də miqyasının geniş olduğunu bildirib. Deyib ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın, vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə həyata keçirdikləri tədbirlər davamlılığı ilə diqqət çəkir. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Dövlət səviyyəsində görülən işlər nəticəsində Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib”.
V.Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı alındı, onların narahat ruhları rahatlıq tapdı.
Xocalıdan olan şəhid ailələrinin üzvləri çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildiriblər. Əminliklərini ifadə ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda doğma yurdlarına qayıdacaqlar.

Xocalı faciəsi 2022-02-25 18:43:00