×
A
A
A
Sazlamalar

YAP Səbail rayon təşkilatında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalıya ədalət!” adlı tədbir keçirilib VİDEO

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də YAP Səbail rayon təşkilatında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. “Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün dövlət tərəfindən ardıcıl fəaliyyət göstərilib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz Xocalı faciəsini bütün dünyaya soyqırımı aktı kimi tanıtdırmalıyıq. Dünya Xocalı soyqırımını tanımalıdır. Bu gün dövlət tərəfindən bu istiqamətdə işlər görülür. Həmçinin biz bir xalq, dövlət olaraq Prezident İlham Əliyevin ətrafında birləşməliyik”, - deyə M.Nağıyev qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix üzrə fəlsəfə doktoru dosent Elman Mirzəyev bildirib ki, XX əsrin sonunda baş vermiş Xocalı faciəsi bütün bəşəriyyətə yönəlmiş bir soyqırımı idi. Xocalı faciəsinin dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb.
Xocalı sakini Zəminə Abdullayeva soyqırımı zamanı gördüyü hadisələrdən danışıb. Xocalıda böyüyüb boya-başa çatdığını deyən Z.Abdullayeva bildirib: “Xocalı soyqırımında bir çox qohumlarımı itirmişəm. Demək olar hamısı şəhid olub. O dəhşətli gecədə ermənilər atamı və anamı əsir götürdülər. Bizim çox itkimiz olub. Qohumlarımdan bir neçəsindən hələ də xəbər yoxdur. Biz Xocalını unuda bilmərik. Çünki Xocalı unudulası bir hadisə deyil. Xocalı soyqırımı daim bizim yaddaşımızda, ürəyimizdə qalacaq”.
Digər çıxış edənlər Xocalı faciəsi ilə bağlı acı xatirələrini bölüşüb, şəhərin işğaldan sonra yerlə-yeksan edildiyini bildiriblər. Faciənin müəlliflərinin cəzasız qalmasını dünyadakı ikili standartların bariz nümunəsi olduğu qeyd ediblər.
Tədbirdən sonra iştirakçılar Xocalı soyqırımı ilə bağlı rəsm sərgisini ziyarət ediblər.

Xocalı faciəsi 2022-02-25 18:32:00

Video