×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir

İmişli, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə Regional İdarənin rəhbərliyi, İmişli icra və probasiya şöbəsinin və İmişli qeydiyyat şöbəsinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər Xocalıda inanılmaz vəhşiliklə törədilən soyqırımının XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri olduğunu bildiriblər. Qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

 

Regionlar 2022-02-25 17:53:00