×
A
A
A
Sazlamalar

Ağdaş rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Ağdaş, 25 fevral, AZƏRTAC

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ədəbi–bədii kompozisiya nümayiş etdirilib.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində təşkil edilən “Əsrin faciəsi - Xocalı” adlı kitab və mərkəzin rəssamlıq dərnəyinin kiçikyaşlı üzvlərinin əl işlərindən ibarət rəsm sərgiləri ilə tanış olublar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyeva çıxış edərək, bu dəhşətli faciənin bəşər tarixində insanlığa qarşı törədilən ən böyük cinayətlərdən biri olduğunu vurğulayıb.
Sonra rayon məktəblilərinin ifasında şeirlər səsləndirilib, Mədəniyyət Mərkəzinin Xalq Teatrının üzvlərinin təqdimatında, mərkəzin bədii rəhbəri Çingiz Qasımovun ssenarisi əsasında hazırlanan “Xocalıda bir gün” adlı səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyanın sonunda Vətən müharibəsinin qaziləri tərəfindən Azərbaycanın və Türkiyənin Dövlət bayraqları səhnəyə gətirilib.
Sonda regional mədəniyyət idarəsinin məsləhətçisi İlqar Vəliyev çıxış edərək, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, Ağdaş Regional Mədəniyyət İdarəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının mədəniyyət müəssisələrində də silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı, rayon icra hakimiyyəti aparatının nümayəndələri, idarə və təşkilat rəhbərləri, Vətən müharibəsi qaziləri, ziyalılar və Ağdaş rayonunda məskunlaşan Xocalı sakinləri iştirak ediblər.

 

 

 

Regionlar 2022-02-25 17:05:00